27 Sentyabr Azərbaycan xalqının tarixində həm ağrını, həm qüruru özündə birləşdirən əlamətdar gündür. Bu tarix Vətən müharibəsinin başlanması ilə yanaşı, şəhidlərimizin müqəddəs xatirəsinin ümumxalq səviyyəsində yad edilməsi ilə də xüsusi məna daşıyır. Hər bir şəhidin həyatı Vətənə bağlılığın və fədakarlığın nümunəsidir. Onların döyüş meydanında göstərdiyi cəsarət Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici rol oynadı. Xalqımız 27 Sentyabrda şəhid ailələrinin ağrısını bölüşür və qəhrəmanlarımızın qarşısında mənəvi borcunu bir daha ifadə edir. Bu gün həm də gələcək nəsillərə Vətən sevgisinin aşılanması baxımından böyük əhəmiyyət daşıyır.

Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi xalqımızın ən böyük milli arzularından biri idi. Uzun illər ərzində bu istiqamətdə aparılan danışıqlar gözlənilən nəticəni verməmişdi. İşğal edilmiş ərazilərimizdə yaşayış məntəqələrinin dağıdılması və insanların öz yurdlarından didərgin salınması ağır humanitar nəticələr yaratmışdı. Azərbaycan dövləti beynəlxalq hüquqa əsaslanaraq öz mövqeyini bütün beynəlxalq platformalarda ardıcıl şəkildə müdafiə edirdi. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin Tovuz hadisələri Azərbaycan Ordusunun gücünü göstərən mühüm mərhələlər oldu. 2020-ci ilin sentyabrında isə yaranmış vəziyyət Vətən müharibəsinin başlanmasına gətirib çıxardı.

44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərbi tarixində yeni səhifə açdı. Ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində çoxsaylı yaşayış məntəqələri işğaldan azad edildi. Şuşanın azad olunması Zəfərin simvoluna çevrilən tarixi hadisə kimi xalqımızın yaddaşına həkk olundu. Müharibə nəticəsində Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin böyük hissəsi azad edildi. 10 noyabr Bəyanatından sonra Ağdam, Kəlbəcər və Laçının Azərbaycana qaytarılması ilə ərazi bütövlüyümüzün bərpası daha da genişləndi. 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri isə Azərbaycanın bütün ərazisində suverenliyinin tam təmin olunması ilə nəticələndi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün Zəfərdən sonrakı quruculuq mərhələsini uğurla davam etdirir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr həmin ərazilərin sosial-iqtisadi inkişafına yeni imkanlar açır. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Şəhər və kəndlərin yenidən qurulması şəhidlərin uğrunda can verdiyi torpaqlarda həyatın bərpasını təmin edir. Azərbaycan xalqı öz qəhrəmanlarını yalnız Anım Günündə deyil, hər zaman böyük ehtiramla xatırlayır. Şəhidlərimizin adı, onların göstərdiyi qəhrəmanlıq və Vətənə bağlılığı milli yaddaşımızda əbədi yaşayacaq.

Natiq Mahmudov – YAP Şuşa rayon təşkilatının fəal üzvü 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.

Discover more from DÜNYADAN XƏBƏR

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading