27 Sentyabr Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutan tarixi gündür. Bu tarix 2020-ci ildə Vətən müharibəsinin başlanması ilə Azərbaycanın taleyində mühüm dönüş yaratdı. Həmin gündən etibarən Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın azadlığı uğrunda genişmiqyaslı hərbi əməliyyatlara başladı. Döyüş meydanında göstərilən şücaət xalqımızın uzun illər ərzində formalaşmış milli iradəsinin nəticəsi idi. Azərbaycan əsgəri Vətən torpağının hər qarışı uğrunda fədakarlıq göstərərək böyük qəhrəmanlıq salnaməsi yaratdı. Şəhidlərimizin qanı və qazilərimizin şücaəti ilə əldə edilən Zəfər Azərbaycanın tarixində silinməz iz buraxdı.

İşğal illərində Azərbaycan xalqı ağır sınaqlarla üzləşmişdi. Yüz minlərlə insan öz doğma torpaqlarından didərgin düşmüş, şəhər və kəndlərimiz dağıdılmışdı. Xocalı faciəsi və digər qətliamlar xalqımızın yaddaşında dərin yaralar açmışdı. Azərbaycan dövləti uzun müddət danışıqlar yolu ilə ədalətli həllə nail olmaq üçün səylər göstərmişdi. BMT Təhlükəsizlik Şurasının qətnamələri də Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılmasını tələb edirdi. Lakin bu qərarların icrasının təmin edilməməsi münaqişənin uzanmasına səbəb olmuşdu.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın hərbi gücünü yeni səviyyədə nümayiş etdirdi. Ordumuz qısa müddətdə geniş əraziləri işğaldan azad edərək Ermənistanın uzun illər yaratdığı istehkamları darmadağın etdi. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində əldə edilən uğurlar əməliyyatların gedişinə ciddi təsir göstərdi. Şuşanın azad olunması isə Azərbaycan xalqının Zəfər tarixində xüsusi hadisəyə çevrildi. Müharibənin başa çatması ilə Ağdam, Kəlbəcər və Laçın rayonlarının da Azərbaycana qaytarılması təmin edildi. Bununla Azərbaycan xalqının uzun illər davam edən doğma torpaqlara qayıdış arzusu üçün real imkan yarandı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfərdən sonra Azərbaycan qarşısında yeni inkişaf mərhələsi açıldı. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri dövlətimizin gücünü nümayiş etdirir. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri ilə ölkəmizin suverenliyi tam bərpa edildi. Bu nəticə şəhidlərimizin uğrunda can verdiyi müqəddəs məqsədin tam reallaşmasını təmin etdi. Bu gün azad edilmiş ərazilərdə yeni şəhərlər və kəndlər salınır, insanların doğma yurdlarına qayıdışı həyata keçirilir. 27 Sentyabr isə bütün bu tarixi hadisələrin arxasında dayanan şəhidlərimizin xatirəsinə ehtiram günü kimi daim yaşayacaq.

Elmira Əliyeva – YAP Şuşa rayon təşkilatının 15 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.

Discover more from DÜNYADAN XƏBƏR

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading