Qarabağın tarixində elə məqamlar var ki, onların təsiri yalnız müəyyən bir dövrlə məhdudlaşmır. 20 Sentyabr belə tarixlərdən biri kimi Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin müasir tarixində baş vermiş mühüm dəyişikliklərlə əlaqələndirilir. Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli sərəncamı ilə bu şəhərlərin günü 20 sentyabr olaraq müəyyənləşdirilib. Bu qərar həmin ərazilərin Azərbaycanın dövlətçilik tarixində tutduğu mövqeyin rəsmi ifadələrindən biridir. Eyni zamanda, tarix Qarabağda suverenliyin bərpasından sonra başlanmış yeni mərhələyə diqqəti yönəldir.
2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirləri Qarabağda yeni siyasi reallığın formalaşmasına gətirib çıxardı. Həmin hadisələrdən sonra bölgədə Azərbaycanın dövlət idarəçiliyi və suverenliyi tam təmin olundu. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri də bundan sonra yeni inkişaf mərhələsinə daxil oldu. Qarşıda duran əsas məsələlərdən biri ərazilərin minalardan təmizlənməsi və təhlükəsizliyin təmin edilməsidir. Bununla yanaşı, yaşayış məntəqələrinin bərpası və keçmiş məcburi köçkünlərin geri qayıtması istiqamətində işlər aparılır. Beləliklə, hərbi mərhələdən sonra genişmiqyaslı quruculuq mərhələsi meydana çıxıb. Bu mərhələ Qarabağın gələcək sosial və iqtisadi simasının formalaşmasında mühüm rol oynayır.
Xankəndidə həyata keçirilən layihələr şəhərin yeni həyatının müxtəlif istiqamətlərini əhatə edir. Qarabağ Universitetinin fəaliyyəti burada təhsil və elm mühitinin formalaşmasına yeni imkanlar açıb. Şəhərdə məktəbəqədər və ümumi təhsil infrastrukturu ilə bağlı layihələrin icrası da davam edir. Xocalıda isə qayıdış prosesinin başlaması uzun illər doğma yurd həsrəti ilə yaşayan insanlar üçün mühüm hadisədir. Xocavəndin tarixi irsinin qorunması ilə yanaşı, rayonun yaşayış məntəqələrinin bərpası istiqamətində də tədbirlər görülür. Ağdərənin inkişafı isə nəqliyyat və digər infrastruktur imkanlarının genişləndirilməsi ilə sıx bağlıdır. Dörd şəhərin hər birində aparılan işlər Qarabağın bütöv şəkildə dirçəldilməsi məqsədinə xidmət edir.
Gülnar Səfərova
Qabaqcıl təhsil işçisi, YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri


Leave a Reply