Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmış faciədir. 1992-ci ilin fevralında baş vermiş bu qanlı hadisə insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Lakin xalqımız bu faciə qarşısında sarsılmadı, əksinə, milli birliyini və mübarizə əzmini daha da gücləndirdi.

Prezident İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirdi ki, Azərbaycan artıq 1990-cı illərin zəif dövləti deyil. 2020-ci ildə qazanılmış tarixi Zəfər ölkəmizin gücünü və siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu qələbə yalnız torpaqların azad edilməsi deyil, həm də ədalətin bərpası idi.
BMT Təhlükəsizlik Şurasının qətnamələri illərlə kağız üzərində qalsa da, Azərbaycan öz gücü ilə onları icra etdi. 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyü təmin olundu. Ardınca həyata keçirilən antiterror tədbirləri dövlət suverenliyini tam şəkildə bərpa etdi.
Dövlət başçısı vurğuladı ki, heç bir xarici qüvvə Azərbaycanın iradəsinə təsir göstərə bilməz. Separatçılığa son qoyulması və qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi bunun bariz sübutudur. Bir neçə saat ərzində həyata keçirilən əməliyyat dövlətimizin qətiyyətini ortaya qoydu.
Bu gün Azərbaycan sülh və sabitlik şəraitində yaşayır. Qazanılan Zəfər və ucaldılan Memorial xalqımızın həm hüznünü, həm də qürurunu özündə birləşdirən tarixi mərhələnin rəmzidir.
Xəyalə Novruzova
Şuşa rayon 7 №li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədr müavini

Bir şərh yazın