Xocalı Soyqırımı Memorialının açılışı tarixi ədalətin bərpasının və xalqımızın gücünün simvoludur. Dövlət başçısı İlham Əliyev çıxışında bildirdi ki, bu faciə yalnız keçmişin acısı deyil, həm də xalqın milli birliyini və iradəsini möhkəmləndirən hadisədir. Memorialın azad edilmiş Xocalıda ucalması tarixi ədalətin həyata keçməsinin bariz nümunəsidir.

Prezident qeyd etdi ki, Xocalı soyqırımı Ermənistan dövlətinin azərbaycanlılara və insanlığa qarşı törətdiyi qanlı cinayətdir. Bu hadisənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həm dövlət, həm də qeyri-hökumət təşkilatları fəal çalışmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” hərəkatı beynəlxalq miqyasda geniş əks-səda doğurmuşdur.
Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə son 20 il ərzində keçirilmiş konfranslar, simpoziumlar və nəşrlər Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağa xidmət edib. Bu səylər olmasaydı, faciənin beynəlxalq miqyasda tanınması gecikə bilərdi. Artıq 20-yə yaxın ölkə bu soyqırımı faktını rəsmən tanıyıb.
44 günlük İkinci Qarabağ müharibəsi və 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatları Azərbaycan dövlətinin qətiyyətini və suverenliyini təmin etdi. Bu əməliyyatlar nəticəsində torpaqlarımız separatçılardan təmizləndi, qanunsuz xunta rejimi məhv edildi və 15 minlik erməni ordusu təslim oldu. Bu, Xocalıya ədalətin təmin olunmasının əsas mərhələsi idi.
Memorial Kompleks, həmçinin gələcək nəsillərə vətənpərvərlik və milli birlik nümunəsi verir. Prezidentin vurğuladığı kimi, xalqımız hər zaman öz tarixini unutmamalı və milli iradəsini gücləndirməlidir. Bu abidə həm tarixi həqiqəti qoruyur, həm də dövlətçilik ənənələrini möhkəmləndirir.
Səbinə Gözəlova
Şuşa şəhər 1 nömləri tam orta məktəbin direktoru, YAP Şuşa Rayon Təşkilatının 41 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın