Tarixi yaddaşın qorunması və milli faciələrin gələcək nəsillərə çatdırılması dövlətçilik siyasətinin əsas prinsiplərindəndir. Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş faciələrdən biri kimi həm keçmişin dərsi, həm də milli birliyin rəmzidir. Fevralın 26-da İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılış mərasimində iştirak edərək bu tarixi anın mühüm əhəmiyyətini vurğuladılar.

Dövlət başçısı çıxışında tarixi ədalətin təmin olunmasının böyük səylər və qətiyyət tələb etdiyini qeyd etdi. Qeyd olundu ki, dünya aparıcı ölkələrinin və beynəlxalq təşkilatların bir vaxtlar bu faciəyə biganə yanaşması Azərbaycanın ədalət uğrunda səylərini daha da vacib etmişdir. 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmi olaraq tanıması, Vətən müharibəsi və azad edilən torpaqlar bu prosesin mərhələli nəticələridir.
Prezident vurğuladı ki, hərbi cinayətkarlara qarşı məhkəmə prosesi ədalətin tam təntənəsini nümayiş etdirir. Xocalı soyqırımını törətmiş şəxslər həm müharibə zamanı, həm də sonrakı mərhələdə cavab verməli olmuş, bunun bir hissəsi isə Silahlı Qüvvələr tərəfindən məhv edilmişdir. Bu fakt xalqımızın həm vahidliyi, həm də gücü ilə təmin olunan ədalətin nümunəsidir.
Memorial Kompleksin məhz Xocalıda inşa olunması həm tarixi həqiqətin, həm də milli yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident qeyd etdi ki, bu abidə silinməz yaddaşın təcəssümü olacaq və xalq heç vaxt Xocalı faciəsini unutmamalıdır. Ermənistanın vəhşilikləri daim xatırlanacaq, Azərbaycan xalqı ayıq və güclü olmalıdır.
Memorialın açılışı yalnız bir memarlıq abidəsi deyil, həm də gələcək nəsillərə ünvanlanan tarixi mesajdır. Bu, milli iradənin, birliyin və dövlətçiliyin təntənəsi kimi Azərbaycan tarixində qalacaq.
Zərifə İbrahimova
“Qabaqcıl təhsil işçisi”,YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədr müavini

Bir şərh yazın