Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı müasir Azərbaycan dövlətçiliyinin mühüm hadisələrindən biri kimi dəyərləndirilir. Açılış mərasimində səsləndirilən fikirlər siyasi-fəlsəfi və hüquqi baxımdan əhəmiyyətli mesajlarla zəngin idi. Bu kompleks təkcə bir abidə deyil, həm də xalqımızın ağrı-acısının və mübarizə əzminin rəmzidir.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilən qətliam tariximizin ən faciəli səhifələrindəndir. Qadınlar, uşaqlar və qocalar da daxil olmaqla yüzlərlə insanın amansızcasına qətlə yetirilməsi insanlığa qarşı ağır cinayət idi. Bu hadisə milli yaddaşımızın ayrılmaz hissəsinə çevrilib.
Memorial Kompleksin açılması həm də uzun illər aparılan diplomatik mübarizənin və haqq səsimizin beynəlxalq aləmdə eşidilməsinin nəticəsidir. Artıq bir sıra ölkələr Xocalı hadisələrinə hüquqi-siyasi qiymət verib. Bu, məqsədyönlü və ardıcıl fəaliyyətin məntiqi nəticəsidir. Xocalı faciəsinə emosional deyil, beynəlxalq hüquq çərçivəsində yanaşma sərgilənməlidir. Hadisənin insanlığa qarşı cinayət kimi tanınması ədalətin bərpası istiqamətində mühüm addımdır. Bu yanaşma Azərbaycanın prinsipial mövqeyini nümayiş etdirir.
Xocalı mövzusu yalnız keçmişin ağrısı deyil, həm də milli dirənişin və dövlət iradəsinin simvoludur. Memorial Kompleks gələcək nəsillərə tarixi həqiqətləri çatdırmaqla yanaşı, ədalətin gec də olsa zəfər çaldığını göstərir.
Kamalə Səfərova
Şuşa Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin direktoru, YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın