Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri ölkənin müasir tarixində xüsusi yer tutur. Xüsusilə Xocalı və Xocavənd rayonlarına həyata keçirilən səfərlər həm siyasi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. Bu səfərlər zamanı dövlət başçısının görülən quruculuq işləri ilə yerində tanış olması və doğma torpaqlarına qayıdan sakinlərlə səmimi görüşləri xalqın yaddaşında dərin iz buraxıb. Uzun illər həsrət qalan insanların sevincini bölüşmək, onların problemlərini dinləmək və gələcək planlardan danışmaq həmin səfərlərin əsas məqamlarından olub.

Məlumdur ki, torpaqlarımız uzun müddət işğal altında qalmış, infrastruktur tamamilə dağıdılmışdı. Nəhayət, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bu proses Azərbaycan xalqının milli iradəsinin və dövlət gücünün parlaq təzahürü kimi tarixə düşdü. Bu gün ölkənin bütün sərhədlərində üçrəngli bayrağımızın dalğalanması qələbənin rəmzinə çevrilib.
Hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilir. Dövlət proqramları çərçivəsində yollar, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri inşa olunur, enerji və su təminatı sistemi yenidən qurulur. “Böyük Qayıdış” konsepsiyası mərhələli şəkildə icra edilir və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz şəkildə dönüşü təmin olunur. Bu proses sosial ədalətin və tarixi haqların bərpasının bariz nümunəsidir.
Səfərlər zamanı dövlət başçısı 1990-cı illərin əvvəllərində xalqımızın üzləşdiyi faciələri də xatırladıb. O illərdə yaşanan ağır sınaqlara baxmayaraq, Azərbaycan xalqı milli qürurunu və dövlətçilik əzmini qoruyub saxladı. Tarixi ədalətin bərpası isə məhz bu birliyin və möhkəm siyasi iradənin nəticəsi oldu. Qalib xalq kimi gələcəyə inamla baxmaq bu gün cəmiyyətin əsas ruh halıdır.
Bütün bunlar göstərir ki, postmünaqişə mərhələsində atılan addımlar təkcə fiziki infrastrukturun deyil, həm də mənəvi dirçəlişin əsasını qoyur. İşğaldan azad edilmiş torpaqlarda həyatın yenidən canlanması Azərbaycanın güclənən dövlət kimi inkişafının davamlı xarakter daşıdığını təsdiqləyir. Bu gün ölkə vətəndaşları əldə olunan nailiyyətləri qürurla qarşılayır və gələcək uğurlara əminliklə inanırlar.
Anar Əlizadə
Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin direktoru, YAP Şuşa rayon təşkilatının 14 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın