Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Bir gecə ərzində yüzlərlə mülki şəxsin qətlə yetirilməsi, qadın və uşaqların xüsusi amansızlıqla öldürülməsi insanlıq əleyhinə cinayət kimi qiymətləndirilir. Bu hadisə təkcə Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün faciədir. Ermənistan dövləti bu qanlı cinayətin məsuliyyətini daşıyır və bu fakt tarix tərəfindən təsdiqlənib.

Faciədən sonrakı illərdə əsas məqsəd həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olub. Dövlət qurumları və ictimai təşkilatlar sistemli şəkildə fəaliyyət göstərərək Xocalı barədə məlumatlandırma kampaniyaları həyata keçiriblər. Xüsusilə Heydər Əliyev Fondu tərəfindən başladılan təşəbbüslər beynəlxalq miqyasda geniş rezonans doğurub. Müxtəlif ölkələrdə keçirilən tədbirlər nəticəsində Xocalı həqiqətləri daha geniş auditoriyaya çatdırılıb.
Fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülən “Xocalıya ədalət!” kampaniyası mühüm beynəlxalq platformaya çevrilib. Bu təşəbbüs çərçivəsində konfranslar, sərgilər və məlumatlandırıcı layihələr həyata keçirilib. Ermənistanın və onu dəstəkləyən dairələrin dezinformasiya cəhdlərinə baxmayaraq, Azərbaycan tərəfi ardıcıl və prinsipial mövqe nümayiş etdirib.
Artıq 20-yə yaxın ölkənin Xocalı soyqırımını tanıması informasiya mübarizəsində mühüm uğur kimi qiymətləndirilir. Bu, həm diplomatik fəaliyyətin, həm də ictimai təşəbbüslərin nəticəsidir. Tarixi həqiqətlərin qəbul olunması beynəlxalq ədalət mexanizmlərinin işə düşməsi üçün əsas yaradır.
Bu gün azad edilmiş Xocalı şəhərində Memorial Kompleksin ucaldılması faciənin unudulmadığını və unudulmayacağını göstərir. Bu abidə həm xatirə, həm də ədalətin rəmzidir. Azərbaycan xalqı bu ağrını yaddaşında yaşadır və gələcək nəsillərə ötürür.
Gülnar Səfərova
Qabaqcıl təhsil işçisi,YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın