Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimindəki çıxışı müasir Azərbaycan tarixində mühüm siyasi və mənəvi hadisə kimi qiymətləndirilir. İki il əvvəl dövlət başçısının iştirakı ilə təməli qoyulan bu kompleksin məhz azad edilmiş Xocalıda ucaldılması xüsusi rəmzi məna daşıyır. Bu qərar təkcə memarlıq layihəsinin reallaşması deyil, həm də tarixi ədalətin bərpasının və milli iradənin təntənəsinin ifadəsidir. Uzun illər işğal altında qalan bir ərazidə belə bir abidənin inşası dövlət qətiyyətinin və siyasi iradənin real nəticəsidir.

Xocalı şəhərində memorialın açılması həm də xalqın ağrısının və yaddaşının rəsmi şəkildə əbədiləşdirilməsi deməkdir. 1992-ci ildə baş vermiş soyqırımı nəticəsində yüzlərlə günahsız insan qətlə yetirilmiş, ailələr məhv edilmiş, yüzlərlə insan itkin düşmüşdür. Bu faciə XX əsrin ən qanlı cinayətlərindən biri kimi tarixə düşüb. İşğaldan sonra kütləvi məzarlıqların aşkarlanması və qalıqların torpağa tapşırılması həmin vəhşiliyin miqyasını bir daha sübut etdi.

Dövlət səviyyəsində aparılan məqsədyönlü siyasət nəticəsində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılıb. Xüsusilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən təşəbbüslər bu sahədə əhəmiyyətli rol oynayıb. Fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində müxtəlif ölkələrdə konfranslar, sərgilər və təqdimatlar təşkil olunub, nəşrlər hazırlanıb. Nəticədə artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını tanıyıb və bu proses davam edir.

2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı Azərbaycanın hərbi-siyasi qətiyyətini ortaya qoydu. Müharibə cinayətkarlarının bir hissəsinin zərərsizləşdirilməsi, digər hissəsinin isə saxlanılaraq məhkəmə qarşısına çıxarılması ədalətin təmin olunması baxımından mühüm addım oldu. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan həm döyüş meydanında qələbə qazandı, həm də hüquqi müstəvidə prosesin məntiqi sonluğunu təmin etdi.

Memorial Kompleks bu gün təkcə bir abidə deyil, milli yaddaşın simvoludur. O, həm faciəni xatırladır, həm də xalqın əyilməz ruhunu nümayiş etdirir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə Xocalıda ucaldılan bu kompleks gələcək nəsillərə tarixi həqiqətləri çatdıracaq. Güclü dövlət, milli birlik və siyasi iradə nəticəsində tarixi ədalət bərpa olundu və bu, xalqın yaddaşında əbədi qalacaq.

Leyla Babışova

YAP Şuşa rayon təşkilatının sədr müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.