Xocalı soyqırımı Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olmaqla yanaşı, milli kimliyin formalaşmasında mühüm rol oynamış hadisədir. Bu faciəyə siyasi və hüquqi qiymətin verilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Xalqın yaşadığı ağrı və itkilər bu gün milli birliyin daha da möhkəmlənməsinə xidmət edir.

Memorialın açılış mərasimində Prezident İlham Əliyev Xocalı soyqırımını insanlığa qarşı törədilmiş ağır cinayət kimi səciyyələndirmişdir. Bu yanaşma hadisənin beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməsinin vacibliyini göstərir. Qeyd olunmuşdur ki, faciə yalnız bir şəhərin deyil, bütövlükdə bəşəriyyətin yaddaşında qalmalı olan qanlı hadisədir.
Kompleksin memarlıq strukturu rəmzi məna ilə zəngindir. Ərazidə əkilmiş badam ağacları həm yazın, həm də ədalətin təcəssümüdür. Ekspozisiya zallarında Xocalının keçdiyi tarixi yol, Ermənistan-Azərbaycan münaqişəsinin kökləri və beynəlxalq hüquq normalarının pozulması faktlarla təqdim edilir.
Memorialda 44 günlük Vətən müharibəsinə və dövlət suverenliyinin tam bərpasına dair materialların nümayişi tarixi ədalətin təmin olunduğunu göstərir. Bu gün Xocalı qurbanlarının xatirəsi qalib xalq kimi yad edilir və bu abidə gələcək nəsillərə vətənpərvərlik nümunəsi aşılayır.
Zeybək Cəfərov
YAP Şuşa təşkilatının fəalı,Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayonu üzrə gənclər və idman sektorunda Baş məsləhətçi

Bir şərh yazın