Tarixi yaddaşın qorunması və milli həqiqətlərin gələcək nəsillərə çatdırılması dövlətçilik siyasətinin əsas istiqamətlərindəndir. Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdilər. Dövlət başçısının rayon ictimaiyyəti ilə görüşündə səsləndirdiyi fikirlər bu hadisənin yalnız anım mərasimi deyil, ədalətin təntənəsi olduğunu bir daha təsdiqlədi.

Prezident çıxışında bildirdi ki, Memorial Kompleksin məhz Xocalıda inşa edilməsi illər öncə bəslənən inamın nəticəsidir. Layihənin Bakıda reallaşdırılması üçün bütün imkanlar olsa da, daxili əminlik bu abidənin azad olunmuş Xocalıda ucaldılacağını diktə edirdi. Bu gün həmin inamın gerçəkləşməsi tarixi ədalətin bərpasının simvoluna çevrilib.
Dövlət başçısı vurğuladı ki, Xocalı soyqırımı insanlığa qarşı törədilmiş qanlı cinayətdir və bu faciə heç vaxt unudulmamalıdır. Ermənistanın həyata keçirdiyi vəhşiliklər xalqımızın yaddaşında daim yaşayacaq. Güclü dövlət və ayıq cəmiyyət məhz belə faciələrin təkrarlanmaması üçün əsas təminatdır.
Bu gün Azərbaycan qalib dövlət kimi Xocalı qurbanlarının xatirəsini yad edir. Memorial Kompleks yalnız memarlıq abidəsi deyil, həm də milli yaddaşın rəmzidir. Onun azad torpaqda ucalması xalqımızın qürur və ədalət duyğusunun təcəssümüdür.
Aynurə Məlikova
YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın