
Yurd həsrəti insanın həyatında zamanla ölçülməyən bir duyğudur. Şuşadan ayrı düşən insanların yaddaşında doğma evlərin, küçələrin və tanış mənzərələrin yeri həmişə qorunmuşdur. 8 Noyabr – Şuşa Şəhəri Günü həmin yaddaşın azad şəhərlə yenidən qovuşmasının tarixidir. Bu günün dəyərini anlamaq üçün onun insan talelərində yaratdığı dəyişikliyi görmək lazımdır.
İşğal illərində Şuşa haqqında xatirələr ailələrdə yaşadılmış, uşaqlara doğma şəhərin tarixi və mədəniyyəti anlatılmışdır. Beləliklə, şəhərlə bağlılıq onu görməyən nəsillərdə də davam etmişdir. Azərbaycan dövləti isə doğma yurda qayıdış məsələsini daim diqqətdə saxlamışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət həmin arzunun reallaşması üçün imkan yaratmışdır.
Şuşanın 2020-ci il noyabrın 8-də azad edilməsi uzun ayrılıq dövrünün başa çatmasına yol açdı. Əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində insanların qəlbində yaşatdığı ünvan yenidən əlçatan oldu. Bu Qələbədə şəhidlərimizin və qazilərimizin xidmətləri unudulmazdır. Onların fədakarlığı ailələrin gələcəyə baxışını dəyişdirdi, qayıdış ümidini real imkana çevirdi.
Şəhərdə yaşayış şəraitinin yaradılması və sosial infrastrukturun bərpası bu prosesin mühüm hissəsidir. Qayıdış evə yerləşməklə yanaşı, gündəlik həyatın, qonşuluq münasibətlərinin və şəhər mühitinin bərpasını da nəzərdə tutur. Şuşanın dirçəlişinin əsas göstəricilərindən biri onun küçələrində həyatın yenidən davam etməsidir. Şuşa Şəhəri Günü bu həyatın azadlıq və əmin-amanlıq içində yaşanmasına verilən dəyəri ifadə edir.
Arif Dostiyev
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şuşa Rayon Komitəsinin sədri


Bir cavab yazın