26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü kimi xalqımız tərəfindən böyük ehtiramla qeyd olunur. Bu əlamətdar gün milli dövlətçilik tariximizin mühüm səhifələrindən birini təşkil edir. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradılmışdır. Həmin qərar milli hərbi sistemin formalaşdırılması istiqamətində əsaslı başlanğıc olmuşdur. Azərbaycan Ordusu sonrakı dövrlərdə müxtəlif mərhələlərdən keçərək inkişaf etmişdir. Ordumuzun yaranma tarixi xalqımızın azadlıq və müstəqillik iradəsinin təcəssümüdür. Buna görə də Silahlı Qüvvələr Günü hər bir azərbaycanlı üçün qürur mənbəyidir.

Müstəqil Azərbaycanda ordu quruculuğunun möhkəm təməllərinin yaradılmasında Heydər Əliyev müstəsna xidmətlər göstərmişdir. Ümummilli lider Heydər Əliyev hərbi sahənin inkişafını dövlət siyasətinin vacib istiqamətlərindən biri hesab edirdi. Onun təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb fəaliyyətə başlamışdır. Bu təhsil ocağı minlərlə peşəkar zabitin yetişməsində mühüm rol oynamışdır. Azərbaycan gənclərinin nüfuzlu hərbi məktəblərdə təhsil almasına da geniş imkanlar yaradılmışdır. Bunun nəticəsində milli zabit korpusunun formalaşması üçün möhkəm baza yaranmışdır. Həmin siyasətin nəticələri müstəqillik dövründə daha aydın görünmüşdür.
2003-cü ildən etibarən Prezıdent İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Prezident İlham Əliyev ordu quruculuğunu dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir. Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Ordumuz ən müasir silah və texnika ilə təchiz edilmişdir. Hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmışdır. Döyüş hazırlığının artırılması məqsədilə mütəmadi təlimlər keçirilmişdir. Bütün bunlar ordumuzun gücünün daha da artmasına şərait yaratmışdır.
2020-ci ilin Vətən müharibəsi Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Qırx dörd gün davam edən döyüşlərdə hərbi birləşmələrimiz böyük qəhrəmanlıq göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi Qələbə qazanıldı. İşğal altında olan torpaqlarımız azad edildi. Şuşa şəhərinin azad olunması xüsusi əhəmiyyət daşıyan hadisə oldu. Azərbaycan əsgəri peşəkarlığı və döyüş ruhu ilə seçildi. Bu Zəfər xalqımızın milli birlik və iradəsinin təntənəsinə çevrildi.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələri sırasında yer alır. Ordumuz müasir silahlanma və peşəkar kadr potensialına malikdir. Hərbi hissələrdə döyüş hazırlığı daim yüksək səviyyədə saxlanılır. Azərbaycan əsgəri Vətənə sədaqətlə xidmət edir. Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayır. Gənc nəsil onların qəhrəmanlığından ilham alır. Azərbaycan Ordusu bundan sonra da dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısı olacaqdır.
Gülnar Səfərova
Qabaqcıl təhsil işçisi,YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri

Leave a Reply