Azərbaycan gəncliyi müasir dövlət quruculuğunun əsas dayaqlarından biri kimi formalaşıb. Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə gənclərə göstərilən diqqət sistemli dövlət siyasətinə çevrildi. O, gəncləri ölkənin gələcəyinin əsas təminatı hesab edir, onların bilikli, vətənpərvər və milli düşüncəyə sahib yetişməsini prioritet vəzifə kimi müəyyənləşdirirdi. Bu baxış bu gün də Azərbaycan dövlət strategiyasının əsas xəttini təşkil edir.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Gənclər və İdman Nazirliyinin yaradılması, 2 fevral – Gənclər Gününün təsis edilməsi və gənclərlə bağlı qanunvericilik bazasının formalaşdırılması bu sahəyə verilən əhəmiyyətin bariz göstəriciləridir. Müxtəlif Dövlət proqramları vasitəsilə gənclərin sosial rifahının yüksəldilməsi, təhsil imkanlarının genişləndirilməsi və istedadlarının inkişafı üçün mühüm addımlar atıldı.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu siyasət daha da genişlənərək yeni mərhələyə qədəm qoydu. Gənclərin xaricdə təhsili üçün proqramların icrası, Gənclər Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatı”nın təsis olunması gənc nəslin potensialına verilən yüksək dəyərin göstəricisidir. Minlərlə azərbaycanlı gəncin dünyanın nüfuzlu universitetlərində təhsil alması ölkənin intellektual kapitalını gücləndirir.
Gənclər siyasətində mənəvi inkişaf və vətənpərvərlik tərbiyəsi xüsusi yer tutur. Gənclər təşkilatlarının fəaliyyəti, ictimai təşəbbüslərin dəstəklənməsi, könüllülük hərəkatının genişlənməsi onların cəmiyyət həyatında fəal iştirakını təmin edir. Gənclərin öz bilik və bacarıqlarını ölkənin inkişafına yönəltməsi dövlətin əsas məqsədlərindən biridir.
Bu gün Azərbaycan gəncliyi beynəlxalq arenada, idman yarışlarında, elm və texnologiya sahəsində əldə etdiyi uğurlarla ölkəni layiqincə təmsil edir. Dövlət tərəfindən yaradılan imkanlar onların öz potensiallarını reallaşdırmasına şərait yaradır. Bu siyasətin davamlılığı isə Azərbaycanın gələcəyinə olan inamı daha da gücləndirir.
Rafiq Kalbalıyev
YAP Şuşa rayon təşkilatının 39 nömrəli ərazi partiya təşkilatının sədri müavini

Bir şərh yazın