Azərbaycan xalqının tarixində baş vermiş faciələr yalnız müəyyən bir dövrün hadisələri deyil, bütöv bir xalqın yaddaşında dərin iz buraxan, onun kimliyini və gələcəyə baxışını formalaşdıran mühüm amillərdir. 31 mart hadisələri də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu faciə xalqımızın üzləşdiyi ən ağır sınaqlardan biri olmaqla yanaşı, həm də milli birliyin və dözümlülüyün göstəricisidir. Tarix göstərir ki, bu cür ağır hadisələrə baxmayaraq xalqımız öz varlığını qoruyub saxlamış və inkişaf yolunu davam etdirmişdir.
XIX əsrdən başlayaraq regionda baş verən siyasi dəyişikliklər Azərbaycan torpaqlarında yeni reallıqlar yaratmışdır. Xarici təsirlər nəticəsində demoqrafik vəziyyətin dəyişdirilməsi, əhali arasında gərginliyin artırılması və etnik zəmində qarşıdurmaların yaradılması gələcək faciələrin əsasını qoymuşdur. Bu proseslər nəticəsində xalqımız öz doğma torpaqlarında müxtəlif təzyiqlərlə üzləşmişdir.
1918-ci ilin mart-aprel hadisələri isə bu siyasətin ən kəskin mərhələsi olmuşdur. Həmin dövrdə minlərlə dinc insanın qətlə yetirilməsi, yaşayış məntəqələrinin dağıdılması və mədəni irsin məhv edilməsi xalqımıza qarşı yönəlmiş sistemli zorakılığın açıq təzahürü idi. Bu hadisələr yalnız fiziki itkilərlə deyil, həm də mənəvi sarsıntılarla yadda qalmışdır.
Bu faciələrin uzun müddət gizli saxlanılması və təhrif olunması onların obyektiv qiymətləndirilməsini çətinləşdirmişdir. Yalnız müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə bu hadisələrə hüquqi-siyasi qiymət verilmişdir. Bu addım tarixi həqiqətlərin üzə çıxarılması baxımından mühüm dönüş nöqtəsi olmuşdur.
Bu gün 31 mart hadisələrinin anılması yalnız keçmişin xatırlanması deyil, həm də gələcək üçün dərsdir. Tarixi düzgün dərk etmək və onu qorumaq xalqın davamlı inkişafı üçün vacib şərtdir.
Xəyalə Novruzova
Şuşa rayon 7 №li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədr müavini


Bir şərh yazın