Azərbaycan xalqının tarixi yalnız inkişaf və dövlətçilik ənənələri ilə deyil, həm də ağır sınaqlar və faciələrlə zəngindir. XIX əsrin əvvəllərindən başlayaraq regionda baş verən siyasi dəyişikliklər xalqın taleyinə ciddi təsir göstərmiş, milli yaddaşda silinməz izlər buraxmışdır. Bu hadisələr yalnız müəyyən dövrün problemləri deyil, eyni zamanda gələcək nəsillərin kimliyinin formalaşmasına təsir edən mühüm amillərdən biri olmuşdur.
Rusiya imperiyasının Cənubi Qafqaza daxil olması ilə bölgədə yeni demoqrafik siyasət həyata keçirilməyə başlanmışdır. Bu siyasət nəticəsində əhalinin etnik tərkibi dəyişdirilmiş, yerli azərbaycanlı əhalinin hüquqları pozulmuşdur. Bu dəyişikliklər gələcəkdə baş verəcək münaqişələrin əsasını qoymuşdur.
XX əsrin əvvəllərində baş verən hadisələr isə bu proseslərin daha da dərinləşdiyini göstərdi. 1905-1907-ci illərdə baş verən qarşıdurmalar və 1918-ci ilin mart hadisələri nəticəsində minlərlə insan həyatını itirmiş, böyük dağıntılar baş vermişdir. Bu hadisələr xalqın yaddaşında dərin travma yaratmışdır.
Tarixi proseslərin davamı olaraq 1948-1953-cü illərdə həyata keçirilən deportasiyalar azərbaycanlıların öz doğma torpaqlarından məcburi köçürülməsi ilə nəticələnmişdir. Bu hadisə yalnız fiziki deyil, həm də mənəvi itkilərə səbəb olmuşdur.
Bu faciələrin dövlət səviyyəsində tanınması və onların düzgün qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən siyasət milli yaddaşın qorunmasına və tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsinə böyük töhfə vermişdir.
Könül Hüseynova
Tərəqqi medallı, Şuşa Humanitar Kollecinin tyutoru,YAP Şuşa rayon təşkilatının 20 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın