1918-ci ilin mart hadisələri yalnız tarixi hadisə deyil, həm də hüquqi baxımdan qiymətləndirilməsi zəruri olan bir prosesdir. Bu hadisələr zamanı mülki əhaliyə qarşı həyata keçirilən zorakılıqlar onların sistemli və məqsədli xarakter daşıdığını göstərir. Bu baxımdan həmin hadisələr beynəlxalq hüquq normaları kontekstində də təhlil edilməlidir.
Bakı şəhərində baş verən qırğınlar mülki əhalinin hədəf alınması ilə seçilmişdir. Silahlı dəstələr yaşayış məntəqələrinə hücum edərək insanları kütləvi şəkildə qətlə yetirmişdir. Bu hadisələr zamanı qadınlar, uşaqlar və yaşlılar belə xüsusi qəddarlıqla öldürülmüşdür ki, bu da hadisələrin insanlığa qarşı cinayət xarakteri daşıdığını göstərir.
Hadisələrin digər bölgələrdə də davam etməsi onların genişmiqyaslı olduğunu sübut edir. Şamaxı, Quba və digər ərazilərdə baş verən qırğınlar nəticəsində minlərlə insan həyatını itirmiş, yaşayış məntəqələri tamamilə dağıdılmışdır. Bu isə hadisələrin planlı şəkildə həyata keçirildiyini göstərir.
Quba şəhərində aşkar edilən kütləvi məzarlıq bu hadisələrin hüquqi qiymətləndirilməsi baxımından mühüm sübutdur. Bu məzarlıqda tapılan insan qalıqları üzərində aparılan tədqiqatlar qurbanların qeyri-insani üsullarla öldürüldüyünü göstərir. Bu faktlar hadisələrin mahiyyətini açıq şəkildə ortaya qoyur.
Bu hadisələrin hüquqi-siyasi qiymət alması tarixdə mühüm mərhələ olmuşdur. Bu sahədə Ümummilli Lider Heydər Əliyev tərəfindən qəbul edilən qərarlar bu faciələrin dövlət səviyyəsində tanınmasına və onların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkan yaratmışdır.
Namiq Hüseynov
YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri


Bir şərh yazın