Müasir beynəlxalq münasibətlər sistemi mürəkkəb və ziddiyyətli proseslərin təsiri altında inkişaf edir. Dünyanın müxtəlif regionlarında baş verən siyasi gərginliklər, iqtisadi qeyri-sabitlik və təhlükəsizlik problemləri dövlətlər arasında əməkdaşlığın əhəmiyyətini daha da artırır. Belə bir dövrdə beynəlxalq dialoq platformalarının mövcudluğu xüsusi əhəmiyyət kəsb edir. Bakıda keçirilən XIII Qlobal Bakı Forumu məhz bu baxımdan qlobal siyasətin mühüm müzakirə məkanlarından biri kimi diqqət çəkir. Müxtəlif ölkələrdən siyasi liderlərin, ekspertlərin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi bu forum qlobal problemlərin müzakirəsi üçün geniş imkanlar yaradır.
Forum “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunaraq beynəlxalq gündəlikdə duran aktual məsələlərin müzakirəsinə şərait yaradıb. Dünyada baş verən sürətli dəyişikliklər və yeni geosiyasi reallıqlar dövlətlər arasında dialoqun gücləndirilməsini zəruri edir. Bu baxımdan Qlobal Bakı Forumu müxtəlif baxışların və mövqelərin açıq şəkildə müzakirə olunduğu mühüm platforma kimi çıxış edir.
Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev müasir dövrdə təhlükəsizlik və sabitlik məsələlərinin xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, təhlükəsizlik təmin edilmədən heç bir dövlət davamlı inkişafdan və sosial rifahdan danışa bilməz. Onun sözlərinə görə, qlobal miqyasda artan gərginliklər beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsini tələb edir.
Azərbaycanın belə mötəbər tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun artdığını göstərir. Bakı artıq müxtəlif qlobal problemlərin müzakirə olunduğu siyasi və diplomatik mərkəzlərdən birinə çevrilib. Bu cür tədbirlər Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələrin bariz nümunəsidir.
Beləliklə, XIII Qlobal Bakı Forumu dövlətlər arasında dialoqun genişlənməsi və qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu forum beynəlxalq ictimaiyyətin diqqətini qlobal problemlərin həllinə yönəldərək daha sabit və təhlükəsiz dünyanın formalaşmasına töhfə verir.
Aynurə Məlikova
YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın