Azərbaycan–Avropa münasibətlərində strateji əməkdaşlığın möhkəmlənməsi
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həyata keçirdiyi xarici siyasət kursunda Avropa institutları ilə əməkdaşlığa xüsusi yer ayırıb. Bu əməkdaşlıq ölkənin beynəlxalq inteqrasiyası, demokratik inkişafı və hüquqi dövlət quruculuğu baxımından mühüm rol oynayıb. Xüsusilə Avropa Şurası ilə qurulan münasibətlər Azərbaycanın beynəlxalq təşkilatlar sisteminə daha fəal inteqrasiya etməsinə şərait yaradıb. 2001-ci ildə Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması ölkəmizin Avropa siyasi məkanına daxil olmasının mühüm mərhələsi kimi qiymətləndirilir.
Bu üzvlük ölkədə demokratik institutların formalaşdırılması, insan hüquqlarının qorunması və qanunun aliliyinin möhkəmləndirilməsi istiqamətində aparılan islahatlara əlavə stimul verdi. Azərbaycan Avropa təşkilatları ilə əməkdaşlıq çərçivəsində hüquqi və institusional sahələrdə müxtəlif proqramlarda iştirak etdi. Nəticədə ölkənin siyasi sistemində modernləşmə prosesləri sürətləndi və beynəlxalq təşkilatlarla əlaqələr daha sistemli xarakter aldı.
Sonrakı illərdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yalnız siyasi dialoqla məhdudlaşmadı. Enerji, iqtisadiyyat, humanitar əməkdaşlıq və təhlükəsizlik sahələrində həyata keçirilən layihələr tərəfdaşlığın daha geniş çərçivəyə malik olduğunu göstərdi. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq enerji layihələri Avropa ilə strateji əlaqələrin inkişafına ciddi töhfə verdi.
2026-cı il martın 11-də Bakıda Prezident İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında keçirilən görüş bu münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Görüş zamanı tərəflər siyasi dialoqun yüksək səviyyədə olduğunu və əməkdaşlığın qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdiyini vurğuladılar.
Bu görüş və verilən bəyanatlar göstərdi ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaş kimi qəbul edilir. Enerji təhlükəsizliyi, regional sabitlik və nəqliyyat layihələri kimi sahələrdə əməkdaşlıq iki tərəf arasında strateji münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.
Aynurə Məlikova
YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın