Çoxşaxəli xarici siyasət
Azərbaycanın son illərdə həyata keçirdiyi çoxşaxəli xarici siyasət strategiyası ölkəni beynəlxalq münasibətlər sistemində mühüm aktora çevirib. Xüsusilə paytaxt Bakının qlobal diplomatik dialoqların keçirildiyi əsas platformalardan birinə çevrilməsi Azərbaycanın artan siyasi nüfuzunun göstəricisi hesab olunur. Müxtəlif beynəlxalq təşkilatların və dövlət liderlərinin Bakıya səfərləri ölkənin regional sabitlik və əməkdaşlıq üçün əhəmiyyətli mərkəzə çevrildiyini təsdiqləyir.
2026-cı ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri bu prosesin davamı kimi xüsusi diqqət çəkir. Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən görüş tərəflər arasında mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir. Bu səfər həm də Avropa İttifaqının Azərbaycanı regionda etibarlı tərəfdaş kimi gördüyünü göstərir.
Enerji əməkdaşlığı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin ən mühüm istiqamətlərindən biridir. Avropa ölkələrinin enerji mənbələrinin diversifikasiyası siyasəti çərçivəsində Azərbaycan qazı mühüm alternativ mənbə kimi çıxış edir. Hazırda bir sıra Avropa ölkələri Azərbaycan qazından istifadə edir və bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyi gözlənilir. Bu baxımdan Azərbaycan Avropanın enerji təhlükəsizliyi strategiyasında xüsusi yer tutur.
Eyni zamanda, Azərbaycan yalnız enerji sahəsində deyil, həm də nəqliyyat və logistika layihələrində Avropa üçün əhəmiyyətli tərəfdaşdır. Orta Dəhliz kimi beynəlxalq nəqliyyat layihələri Avropa ilə Asiya arasında ticarət əlaqələrinin sürətlənməsinə mühüm töhfə verir. Azərbaycanın geostrateji mövqeyi bu marşrutda əsas tranzit qovşağı kimi çıxış etməsinə imkan yaradır və ölkənin geoiqtisadi əhəmiyyətini daha da artırır.
Arif Dostiyev
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şuşa Rayon Komitəsinin Sədri


Bir şərh yazın