Son illər Bakı beynəlxalq diplomatiyanın ən fəal platformalarından birinə çevrilərək qlobal miqyasda diqqət mərkəzinə çıxmağı bacarıb. Azərbaycanın paytaxtında keçirilən beynəlxalq tədbirlər, yüksək səviyyəli görüşlər və strateji müzakirələr ölkənin dünya siyasətində artan rolunu açıq şəkildə nümayiş etdirir. Bu proses təsadüfi deyil və arxasında Azərbaycanın həyata keçirdiyi uzaqgörən xarici siyasət strategiyası dayanır. Dövlətin balanslı və praqmatik diplomatik kursu ölkəni müxtəlif geosiyasi mərkəzlər arasında etibarlı tərəfdaş kimi tanıdır.
Məhz bu kontekstdə 2026-cı il martın 11-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında Bakıda keçirilən görüş xüsusi əhəmiyyət kəsb edir. Bu görüş Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin yeni mərhələyə daxil olduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilir. Tərəflərin səsləndirdiyi fikirlər, aparılan müzakirələr və gələcək əməkdaşlıq perspektivləri ikitərəfli münasibətlərin daha geniş strateji məzmun qazandığını göstərir.
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq təkcə siyasi dialoqla məhdudlaşmır. Enerji, ticarət, investisiya və logistika sahələri tərəfdaşlığın əsas istiqamətlərindən hesab olunur. Xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın oynadığı rol bu münasibətləri daha da əhəmiyyətli edir. Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Azərbaycan qazının Avropa bazarlarına çatdırılması tərəflər arasında strateji qarşılıqlı asılılıq yaradır.
Bununla yanaşı, regionda yaranan yeni geosiyasi reallıqlar da Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafını stimullaşdıran amillər sırasındadır. Azərbaycanın regionda sülh və əməkdaşlıq təşəbbüsləri, nəqliyyat layihələrinin genişləndirilməsi və Orta Dəhlizin inkişafı Avrasiya məkanında yeni iqtisadi imkanlar formalaşdırır. Bu baxımdan Bakı ilə Brüssel arasında əməkdaşlıq yalnız ikitərəfli münasibətlər deyil, həm də daha geniş geoiqtisadi sistemin formalaşması üçün mühüm platforma rolunu oynayır.
Elmir Rzayev
YAP Şuşa rayon təşkilatının əməkdaşı


Bir şərh yazın