Azərbaycan qadını tarix boyu ailənin dayağı, cəmiyyətin mənəvi əsaslarını qoruyan əsas qüvvə kimi çıxış etmişdir. Ana kimi o, yalnız övlad böyütməklə kifayətlənməyib, eyni zamanda milli-mənəvi dəyərlərin, adət-ənənələrin və vətənpərvərlik ruhunun gələcək nəsillərə ötürülməsində mühüm rol oynayıb. Ailə institutunun möhkəmliyi məhz qadının müdrikliyi və sədaqəti ilə sıx bağlı olmuşdur.
Qədim dövrlərdən bəri Azərbaycan qadını ailə çərçivəsindən kənara çıxaraq ictimai həyatda da fəallıq göstərmişdir. Xalq ədəbiyyatında və tarixi mənbələrdə qadının həm ailə başçısı, həm də cəmiyyətin fəal üzvü kimi təqdim olunması bu reallığın göstəricisidir. Qadınların ailə ilə yanaşı dövlətçilik proseslərində iştirak etməsi milli kimliyimizin formalaşmasına təsir edib.
Müasir dövrdə ailə dəyərlərinin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Konstitusiya qadın və kişi hüquqlarının bərabərliyini təmin etməklə yanaşı, ailənin dövlət tərəfindən qorunduğunu təsbit edir. Bu hüquqi mexanizmlər qadınların həm ailədə, həm də cəmiyyətdə öz potensialını reallaşdırmasına imkan yaradır.
Ümummilli Lider Heydər Əliyev qadının ailədəki rolunu xalqın mənəvi dayağı kimi qiymətləndirir, qadınların ictimai fəallığının ailə dəyərlərinə zidd olmadığını xüsusi vurğulayırdı. Bu siyasi yanaşma qadının həm ana, həm də fəal vətəndaş kimi formalaşmasına şərait yaratdı. Bu xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir.
Bu gün Azərbaycan qadını ailə dəyərlərinə sadiq qalmaqla yanaşı, cəmiyyətin bütün sahələrində fəal iştirak edir. O, ailə və ictimai həyat arasında sağlam balans yaradaraq milli inkişafın əsas aparıcı qüvvələrindən birinə çevrilmişdir.
Qönçə Məmmədova
Şuşa rayon Bülbülcan adına Uşaq Musiqi Məktəbinin direktoru,YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın