Azərbaycan qadını tarix səhnəsinə təsadüfi çıxmamışdır; o, əsrlər boyu xalqın taleyində mühüm rol oynamışdır. Xalqımızın ən qədim yazılı abidəsi olan Kitabi-Dədə Qorqud dastanında qadın obrazları cəsarət, sədaqət və mübarizlik simvolu kimi təqdim edilir. Tarixi mənbələrdə adı çəkilən Tomris, Sara Xatun və Möminə Xatun kimi şəxsiyyətlər qadın liderliyinin qədim köklərə malik olduğunu sübut edir. Bu ənənə Azərbaycan qadınının xarakterində formalaşmış güc və iradənin göstəricisidir.
Orta əsrlərdən başlayaraq qadınlarımız təkcə siyasi arenada deyil, ədəbi və mədəni mühitdə də fəal olublar. Nizami irsindəki Nüşabə obrazı qadının müdrik və qətiyyətli simasını canlandırır. Eyni zamanda Nigar və Həcər kimi obrazlar xalq təfəkküründə qadının mərdlik rəmzi kimi yaşayır. Tutu Bikə kimi tarixi simalar isə real həyatda bu xüsusiyyətləri nümayiş etdiriblər.
XX əsrin əvvəllərində yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçmək və seçilmək hüququ verərək Şərqdə ilk demokratik nümunəni ortaya qoydu. Bu addım ölkədə gender bərabərliyinin hüquqi əsasını formalaşdırdı və qadınların ictimai-siyasi proseslərdə iştirakını genişləndirdi. Bu qərar təkcə region üçün deyil, dünya miqyasında da mütərəqqi hadisə idi.
Müstəqillik dövründə qadın siyasətinin sistemli şəkildə qurulması Ümummilli Lider Heydər Əliyev tərəfindən prioritet istiqamət kimi müəyyənləşdirildi. Onun təşəbbüsü ilə qadınların idarəetmədə irəli çəkilməsi, dövlət strukturlarında təmsilçiliyinin artırılması üçün mühüm addımlar atıldı. Bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə davam etdirilir.
Bu gün Azərbaycan qadını parlamentdə, dövlət qurumlarında, elm və mədəniyyət sahəsində fəal təmsil olunur. Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu həyata keçirilən humanitar layihələrlə ölkənin beynəlxalq nüfuzunun artmasına töhfə verir. Azərbaycan qadını tarixdən gələn gücü ilə bu gün də cəmiyyətin inkişafında aparıcı qüvvədir.
Elmir Rzayev
YAP Şuşa rayon təşkilatının əməkdaşı


Bir şərh yazın