Azərbaycanın enerji siyasəti paralel istiqamətlər üzrə inkişaf edir: ənənəvi qaz ixracı və yaşıl enerji transformasiyası. Bu baxımdan Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində keçirilən iclaslar mühüm əhəmiyyət daşıyır. Bu tədbirlər enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, alternativ mənbələrin inkişafına da təkan verir. Bakı görüşləri artıq strateji qərarların qəbul olunduğu nüfuzlu platformadır.

Prezident İlham Əliyev çıxışında qaz ixracının 16 ölkəyə çatdığını vurğuladı. Avropa ölkələri ilə yanaşı, Suriyaya qaz tədarükünün başlanması enerji coğrafiyasının genişləndirildiyini göstərir. Bu siyasət istehsalçı, tranzit və istehlakçı ölkələr arasında qarşılıqlı fayda modelini formalaşdırır. Enerji diplomatiyası artıq Azərbaycanın beynəlxalq nüfuzunun əsas sütunlarından biridir.
Yaşıl enerji istiqamətində həyata keçirilən layihələr strateji transformasiyanın əsas elementidir. ACWA Power və Masdar kimi şirkətlərin iştirakı beynəlxalq investisiya mühitinin cəlbediciliyini artırır. Külək və günəş elektrik stansiyalarının istifadəyə verilməsi ölkənin alternativ enerji portfelini genişləndirir. Bu isə uzunmüddətli dayanıqlı inkişaf baxımından mühüm addımdır.
Enerji siyasətinin kökləri isə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nə dayanır. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji kurs Azərbaycanı enerji sahəsində aparıcı dövlətə çevirib. Bu gün həmin siyasət müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Nəticədə ölkə həm qaz, həm də yaşıl enerji sahəsində paralel inkişaf modelini reallaşdırır.
Gələcək mərhələdə əsas hədəf enerji ixracının maksimum səviyyəyə çatdırılması və alternativ mənbələrin payının artırılmasıdır. Yeni layihələr və genişləndirmə planları artıq müzakirə mərhələsindədir. Azərbaycan enerji təhlükəsizliyinin təminatçısı kimi beynəlxalq arenada öz mövqeyini daha da gücləndirir. Bu strategiya ölkənin iqtisadi və siyasi sabitliyinin əsas təminatlarından biridir.
Zeybək Cəfərov
YAP Şuşa təşkilatının fəalı,Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayonu üzrə gənclər və idman sektorunda Baş məsləhətçi

Bir şərh yazın