Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası Azərbaycanın qlobal enerji siyasətində mövqeyini bir daha möhkəmləndirdi. Tədbirdə çıxış edən İlham Əliyev son onillikdə həyata keçirilən enerji strategiyasının nəticələrini geniş təhlil edərək bildirdi ki, ölkəmiz artıq regional çərçivəni aşaraq beynəlxalq enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilib. Qlobal bazarlarda müşahidə olunan dalğalanmalar fonunda Azərbaycanın sabit və etibarlı tərəfdaş kimi çıxış etməsi xüsusi önəm daşıyır.

İxrac coğrafiyasının genişlənməsi bu siyasətin real nəticəsidir. Əvvəllər 12 ölkəyə qaz nəql edilirdisə, hazırda bu rəqəm 16-ya yüksəlib. Avropanın aparıcı dövlətlərindən olan Almaniya və Avstriyanın da Azərbaycan qazı idxal edən ölkələr sırasına qoşulması enerji əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Bununla yanaşı, Suriyaya qaz tədarükünün başlanması Azərbaycanın yalnız iqtisadi deyil, həm də humanitar baxımdan məsuliyyətli mövqe sərgilədiyini təsdiqləyir.
Artan tələbat yeni investisiya mərhələsini şərtləndirir. Mövcud boru kəmərlərinin tam gücü ilə işləməsi əlavə interkonnektorların inşasını və qazpaylama sisteminin modernləşdirilməsini zəruri edir. “Azəri-Çıraq-Günəşli”, “Abşeron”, “Ümid” və “Şahdəniz” yataqları üzrə planlaşdırılan yeni mərhələlər yaxın illərdə hasilatın əhəmiyyətli dərəcədə artacağını göstərir. Bu isə həm ixrac imkanlarını genişləndirəcək, həm də tərəfdaş ölkələrlə əməkdaşlığı daha da möhkəmləndirəcək.
Eyni zamanda, yaşıl enerji gündəliyi strateji prioritet kimi ön plana çıxır. Külək və günəş elektrik stansiyalarının istifadəyə verilməsi enerji balansının şaxələndirilməsinə xidmət edir. 2032-ci ilə qədər alternativ enerji gücünün 6-8 giqavata çatdırılması planı Azərbaycanın uzunmüddətli inkişaf baxışını əks etdirir. Bu model qaz və bərpaolunan enerji mənbələrinin paralel inkişafını təmin edərək ölkənin iqtisadi dayanıqlığını gücləndirir.
Rafiq Kalbalıyev
YAP Şuşa rayon təşkilatının 39 nömrəli ərazi partiya təşkilatının sədri müavini

Bir şərh yazın