2015-ci ildən etibarən mütəmadi təşkil olunan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantıları Azərbaycanın enerji siyasətinin nəticələrinin təqdim olunduğu əsas beynəlxalq platformaya çevrilib. Martın 3-də Bakı Konqres Mərkəzində keçirilən 12-ci nazirlər iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 4-cü toplantı iştirakçı sayına görə əvvəlki illəri geridə qoydu. 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və 49 enerji şirkətinin təmsil olunması Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir. Bu dinamika ölkəmizin qlobal enerji təhlükəsizliyində rolunun ildən-ilə möhkəmləndiyini təsdiqləyir.

Toplantıda çıxış edən Prezident İlham Əliyev son illərdə qazanılan uğurların strateji əhəmiyyətini vurğuladı. Qaz ixracının coğrafiyası genişlənərək 16 ölkəni əhatə edir və bu göstəriciyə görə Azərbaycan dünyada lider mövqedədir. Almaniya və Avstriyanın da ixrac xəritəsinə daxil edilməsi Avropa bazarında etibarlı tərəfdaş imicini daha da gücləndirib. Suriyaya qaz tədarükünün başlanması isə enerji siyasətinin humanitar aspektini ön plana çıxarır.

Azərbaycanın enerji uğurlarının təməlində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” dayanır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi nəhəng layihələrin reallaşmasına zəmin yaratdı. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması isə bu siyasətin yeni mərhələsi oldu. 2018-ci ildə layihənin rəsmi açılışı, eləcə də TANAP və TAP-ın istismara verilməsi Azərbaycanın enerji xəritəsində mövqeyini daha da möhkəmləndirdi.

Enerji siyasətinin mühüm istiqamətlərindən biri də yaşıl gündəlikdir. 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası və 230 MVt-lıq günəş stansiyası alternativ enerjiyə keçidin real nəticələridir. 2024-cü ildə Bakıda keçirilmiş COP29 iqlim konfransı da Azərbaycanın bu sahədə iddialı mövqeyini nümayiş etdirdi. Bərpaolunan enerji ilə qaz resurslarının balanslı inkişafı ölkənin uzunmüddətli enerji təhlükəsizliyinin əsasını təşkil edir.

Hesabat dövründə Mingəçevirdə inşa olunan “8 Noyabr” Elektrik Stansiyasının açılışı isə enerji istehsalında yeni mərhələnin göstəricisidir. 1880 MVt gücə malik bu müəssisə daxili tələbatı ödəməklə yanaşı ixrac imkanlarını da artıracaq. Bütün bu addımlar Azərbaycanın enerji siyasətinin kompleks və davamlı model üzərində qurulduğunu sübut edir.

Hidayət Səmədov

YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.