Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları Azərbaycanın enerji siyasətinin dinamik inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi. Prezident İlham Əliyev çıxışında son illər qlobal enerji bazarlarında baş verən dəyişikliklər fonunda ölkəmizin artan rolunu geniş şəkildə təhlil etdi. Onun vurğuladığı kimi, 12 il əvvəl regional təşəbbüs kimi başlayan proses bu gün Avropanın enerji təhlükəsizliyinin mühüm elementinə çevrilib. Qaz ixrac edilən ölkələrin sayının 16-ya çatması bu inkişafın konkret göstəricisidir.

Azərbaycanın boru kəmərləri vasitəsilə ən çox ölkəyə qaz tədarük edən dövlətə çevrilməsi iqtisadi baxımdan mühüm nəticələr doğurur. Almaniya və Avstriyanın yeni istehlakçılar sırasında yer alması ixrac bazarının keyfiyyətcə genişləndiyini göstərir. Eyni zamanda Suriyaya 1,5 milyard kubmetr həcmində qaz nəqlinin başlanması yeni coğrafi istiqamətin açılması deməkdir. Bu şaxələndirmə ixrac gəlirlərinin sabitliyini artırır və geosiyasi riskləri minimuma endirir.

Artan tələbat mövcud infrastrukturun genişləndirilməsini zəruri edir. Cənub Qaz Dəhlizinin tam gücü ilə işləməsi əlavə interkonnektorların, ötürücü xətlərin və paylayıcı şəbəkələrin modernləşdirilməsini gündəmə gətirir. “Azəri-Çıraq-Günəşli”nin dərin qaz layları, “Abşeron” və “Ümid” yataqları, eləcə də “Şahdəniz” layihəsinin yeni mərhələsi yaxın illərdə əlavə hasilat potensialı yaradır. Bu isə həm ixracın artırılması, həm də daxili bazarın enerji balansının optimallaşdırılması üçün yeni imkanlar açır.

Enerji strategiyasında yaşıl transformasiya xüsusi yer tutur. 240 meqavatlıq külək və 230 meqavatlıq günəş elektrik stansiyalarının istismara verilməsi bərpaolunan mənbələrin payını artırır. 2032-ci ilə qədər 6-8 giqavat alternativ enerji gücünün yaradılması planı ölkəyə iri həcmdə investisiya cəlb olunmasını şərtləndirir. Nəticədə daxili istehlakda qazdan asılılıq azalır və daha çox həcm ixraca yönəldilir ki, bu da makroiqtisadi sabitliyə müsbət təsir göstərir.

Məmmədli Nəzirə

YAP Şuşa rayon təşkilatının əməkdaşı


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.