Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsində enerji diplomatiyası həlledici rol oynayır. Bu baxımdan Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları xüsusi əhəmiyyət daşıyır. Bu platforma enerji təhlükəsizliyi, dayanıqlı təchizat və strateji koordinasiya baxımından geniş imkanlar yaradır. Hər il artan iştirakçı sayı Azərbaycanın təşəbbüslərinə olan beynəlxalq marağın göstəricisidir.

Prezident İlham Əliyev çıxışında son onillikdə enerji sahəsində formalaşan əməkdaşlıq mühitinin əhəmiyyətini vurğuladı. Qlobal siyasi və iqtisadi çətinliklər fonunda enerji təhlükəsizliyi məsələlərinin daha da aktuallaşdığı qeyd edildi. Azərbaycan və tərəfdaş ölkələr birgə səylər nəticəsində bir sıra dövlətlərin enerji təminatında sabitlik yarada biliblər. Bu isə əməkdaşlıq modelinin praktik nəticələr verdiyini təsdiqləyir.
Son illərdə yaşıl enerji istiqamətində görülən işlər Azərbaycanın strateji baxışının genişliyini nümayiş etdirir. Regionun ən iri külək elektrik stansiyasının ACWA Power tərəfindən inşa edilməsi və günəş enerjisi layihəsinin Masdar tərəfindən həyata keçirilməsi alternativ enerji sektorunda ciddi dönüşün başlandığını göstərir. Bu layihələr xarici sərmayə və yerli potensialın vəhdətini təmin edir. Nəticədə ölkənin enerji balansı daha dayanıqlı və şaxələndirilmiş olur.
Azərbaycanın enerji uğurlarının əsasında möhkəm tarixi təməl dayanır. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan “Əsrin müqaviləsi” ölkənin enerji strategiyasının başlanğıc nöqtəsi oldu. Bu gün həmin siyasətin davamı olaraq qaz ixrac edilən ölkələrin sayı 16-ya çatıb. Avropanın aparıcı dövlətləri ilə əməkdaşlıq Azərbaycanın etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib.
Gələcək perspektivlər isə daha geniş əməkdaşlıq imkanlarını ehtiva edir. Yeni yataqların işlənməsi, interkonnektorların genişləndirilməsi və alternativ enerji layihələrinin artırılması əsas prioritetlərdəndir. Azərbaycan həm ənənəvi, həm də yaşıl enerji sahəsində təşəbbüskar mövqeyini qorumaq niyyətindədir. Bu kurs ölkənin uzunmüddətli iqtisadi və siyasi sabitliyinə xidmət edir.
Könül Hüseynova
Tərəqqi medallı, Şuşa Humanitar Kollecinin tyutoru,YAP Şuşa rayon təşkilatının 20 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın