Bakı şəhəri artıq qlobal enerji dialoqunun əsas ünvanlarından birinə çevrilib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən 12-ci iclas və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü toplantısı əməkdaşlıq miqyasının genişləndiyini göstərdi. İştirakçı ölkə və şirkətlərin sayındakı artım Azərbaycanın beynəlxalq enerji sistemində möhkəmlənən mövqeyinin bariz nümunəsidir.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, 12 il əvvəl əsası qoyulan təşəbbüs bu gün real nəticələr verən çoxtərəfli mexanizmə çevrilib. Qaz ixrac edilən ölkələrin sayının 16-ya çatması, Avropa İttifaqının 10 üzv dövlətinin Azərbaycan qazı alması bu uğurun göstəricisidir. Almaniya və Avstriya ilə yeni əməkdaşlıq Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunu daha da artırır.
Enerji diplomatiyasında əldə olunan nailiyyətlər təsadüfi deyil. “Əsrin müqaviləsi”ndən başlayaraq həyata keçirilən layihələr Azərbaycanın regional liderə çevrilməsinə səbəb olub. TANAP və TAP kimi layihələr isə Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasına şərait yaradıb.
Bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr yeni iqtisadi imkanlar açır. “Xızı-Abşeron” külək stansiyası və günəş enerjisi layihələri ölkənin enerji balansını şaxələndirir. SOCAR və beynəlxalq tərəfdaşların birgə fəaliyyəti alternativ enerji sektoruna marağı artırır.
Mingəçevirdə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası isə enerji ixracı potensialını daha da gücləndirir. Bu addımlar Azərbaycanın həm qaz, həm də elektrik enerjisi ixracatçısı kimi mövqeyini möhkəmləndirir və Avropa ilə strateji tərəfdaşlığı yeni mərhələyə yüksəldir.
Zərifə İbrahimova
“Qabaqcıl təhsil işçisi”,YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədr müavini


Bir şərh yazın