Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir və XX əsrin dəhşətli faciələrindən sayılır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi. Dinc əhali amansız atəşə tutuldu, şəhər yerlə-yeksan edildi və yüzlərlə insan xüsusi qəddarlıqla qətlə yetirildi. Bu hadisə beynəlxalq humanitar hüququn, o cümlədən Cenevrə konvensiyalarının pozulmasının açıq nümunəsi kimi tarixə düşdü.

Faciə nəticəsində 613 nəfər öldürüldü, onlardan 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı idi. Səkkiz ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. 1275 nəfər əsir götürüldü, 487 nəfər yaralandı, 150 nəfərin taleyi isə bu günədək naməlum qaldı. Xocalıda baş verən bu dəhşətli hadisələr həm fiziki, həm də mənəvi terror kimi xarakterizə olunur və soyqırımı anlayışının hüquqi kriteriyalarına tam uyğundur.

Ulu Öndər Heydər Əliyev Xocalı faciəsini bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndirmiş, hadisəni iki yüz ildən artıq davam edən erməni millətçilərinin Azərbaycan xalqına qarşı sistemli soyqırımı siyasətinin qanlı nəticəsi olaraq dəyərləndirmişdir. Onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis 26 fevral tarixini “Xocalı Soyqırımı Günü” elan etdi və faciəyə dövlət səviyyəsində hüquqi və siyasi qiymət verildi.

Bu gün Xocalı faciəsinin qurbanlarının xatirəsi ehtiramla anılır. Azərbaycan dövləti cinayətkarların məsuliyyətə cəlb edilməsini qətiyyətlə təmin etmiş, tarixi ədalətin bərpası istiqamətində mühüm addımlar atmışdır. Bakıda məhkəmə qarşısına çıxarılan şəxslər bu qanuni tədbirlərin bariz nümunəsidir. Bu, həmçinin göstərir ki, heç bir cinayət cəzasız qalmır və Xocalı şəhidlərinin qanı yerdə qalmamışdır.

Azad edilmiş Xocalıda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Şəhər və rayonlara qayıdan sakinlər üçün yeni infrastruktur, yaşayış məntəqələri və sosial obyektlər tikilir. Xocalı Soyqırımı Memorial Kompleksi faciənin əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir. Eyni zamanda “Xocalıya Ədalət” beynəlxalq kampaniyası vasitəsilə hadisə qlobal miqyasda tanıdılır.

Məmmədli Nəzirə

YAP Şuşa rayon təşkilatının əməkdaşı 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

Previous Post
Next Post

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.