Xocalı faciəsi Azərbaycan xalqının tarixində qanlı səhifə kimi qalır. 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş bu hadisə XX əsrin ən ağır humanitar faciələrindən biridir. Dinc əhali qətlə yetirildi, şəhər dağıdıldı və minlərlə insan əsir götürüldü. Bu, təkcə bir xalqın yox, bütün bəşəriyyətin hüquqlarına qarşı yönəlmiş ağır cinayətdir.
Faciənin miqyası və qəddarlığı beynəlxalq hüquq üzrə soyqırımı tərifinə tam uyğundur. 613 nəfərin həyatını itirməsi, qadın və uşaqların xüsusi qəddarlıqla öldürülməsi, meyitlərin təhqir olunması və minlərlə insanın əsir götürülməsi göstərir ki, Xocalı soyqırımı məqsədli və sistemli şəkildə həyata keçirilib.
Ulu Öndər Heydər Əliyev faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verərək 26 fevral tarixini Xocalı Soyqırımı Günü elan etdi. Bu addım faciənin beynəlxalq ictimaiyyətə çatdırılması və tarixi ədalətin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan dövləti və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası dünya miqyasında geniş yayıldı. Beynəlxalq tədbirlər, konfranslar, sərgilər və parlament dinləmələri vasitəsilə Xocalı həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı. Bu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilir.
44 günlük Vətən müharibəsi və 2023-cü il lokal antiterror əməliyyatları nəticəsində işğal altındakı torpaqlar azad edildi. Xocalı şəhərinin geri qaytarılması tarixi ədalətin bərpası və milli qürurun təntənəsi kimi qiymətləndirilir. Bu gün Xocalı həm faciənin, həm də azadlıq və dirçəlişin simvoludur.
Gülsarə Abbasova
Respublikanın “Əməkdar mədəniyyət işçisi”, Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru,YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədr müavini


Bir şərh yazın