Xocalı faciəsi XX əsrin ən qanlı vəhşiliklərindən biridir və Azərbaycan xalqının yaddaşında unudulmaz iz buraxıb. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törətdi. Uşaqlar, qadınlar, yaşlılar erməni şovinist qüvvələrinin amansız təcavüzünə məruz qaldı və şəhər tamamilə yerlə-yeksan edildi.
Faciə zamanı 613 nəfər qətlə yetirildi, onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i isə yaşlı şəxslər idi. 1275 sakin əsir götürüldü, 150 nəfərin taleyi isə bu günədək məlum deyil. Xocalıda baş verənlər açıq şəkildə etnik təmizləmə və soyqırımı siyasətinin nəticəsi idi. Qətliamın məqsədi yalnız bir şəhəri işğal etmək deyil, Azərbaycan xalqının milli iradəsini sındırmaq və onun müqavimətini qırmaq idi.
Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verdi. 1994-cü ildə Milli Məclis 26 fevral tarixini rəsmi olaraq “Xocalı Soyqırımı Günü” elan etdi. Bu addım yalnız tarixi ədalətin bərpası üçün deyil, həm də dünya ictimaiyyətinə faciənin çatdırılması məqsədi daşıyırdı.
Azərbaycan dövləti və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyası həyata keçirildi. Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində sərgilər, konfranslar, maarifləndirici tədbirlər təşkil olundu, bu faciənin beynəlxalq ictimaiyyətə çatdırılması üçün mühüm diplomatik addımlar atıldı. Bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını rəsmən tanıdılar.
44 günlük Vətən müharibəsi və 2023-cü il lokal antiterror əməliyyatları nəticəsində Xocalı və digər işğal altındakı torpaqlar azad edildi. Prezident İlham Əliyev rəhbərliyi ilə qələbə Xocalı qurbanlarının ruhuna təsəlli verdi və milli ədalətin bərpasını təmin etdi. Bu gün Xocalıda həyat yenidən öz axarına düşüb, şəhər və kəndlər bərpa olunur, məcburi köçkünlər doğma torpaqlarına qayıdır və azadlıq rəmzi olan üçrəngli bayraq ucaldılır.
Zərifə İbrahimova
“Qabaqcıl təhsil işçisi”,YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədr müavini


Bir şərh yazın