Xocalı faciəsi təkcə bir şəhərin işğalı deyil, azərbaycanlılara qarşı həyata keçirilmiş sistemli zorakılığın kulminasiya nöqtəsi idi. 1992-ci ilin fevral gecəsində şəhər ağır silahlarla atəşə tutuldu və mülki əhali hədəfə çevrildi. Hücum nəticəsində yüzlərlə insan həyatını itirdi, ailələr parçalandı, şəhər tamamilə yerlə-yeksan edildi.
613 nəfərin öldürülməsi, yüzlərlə insanın yaralanması və əsir götürülməsi faciənin miqyasını göstərir. Xüsusilə qadın və uşaqlara qarşı törədilən qəddarlıq hadisənin insanlıqdan uzaq mahiyyətini ortaya qoydu. Meyitlərin təhqir edilməsi və mülki əhaliyə qarşı xüsusi amansızlıq beynəlxalq hüququn kobud şəkildə pozulması idi.
Faciəyə siyasi-hüquqi qiymət verilməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən təmin edildi. 1994-cü ildə 26 fevralın “Xocalı Soyqırımı Günü” elan olunması dövlətin bu hadisəyə rəsmi münasibətinin ifadəsi oldu. Bu addım Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması üçün mühüm zəmin yaratdı.
Xocalı bu gün həm faciənin xatirəsi, həm də milli birliyin simvoludur. Azərbaycan xalqı bu cinayəti unutmayıb və tarixi ədalətin bərpası üçün mübarizəsini davam etdirib. Nəticədə şəhər yenidən öz sahiblərinə qayıdıb.
Gülnar Qurbanova
Qabaqcıl təhsil işçisi,YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın