1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən hadisələr Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. Həmin gecə Ermənistan silahlı birləşmələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə şəhərə hücum etdilər. Müdafiəsiz və silahsız əhali amansızcasına qətlə yetirildi. Bu hadisə əvvəlcədən planlaşdırılmış və xüsusi qəddarlıqla həyata keçirilmiş kütləvi qırğın kimi yadda qaldı.

Faciə nəticəsində 613 nəfər öldürüldü, onların arasında qadınlar, uşaqlar və yaşlılar da vardı. Yüzlərlə insan yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfər isə itkin düşdü. Səkkiz ailə tamamilə məhv edildi. Şəhəri tərk etməyə çalışan insanlar pusquya salınaraq atəşə tutuldu. Törədilən vəhşiliklər insanlığa sığmayan səhnələrlə müşayiət olundu və bu, hadisənin qəddarlıq miqyasını açıq şəkildə göstərdi.

Xocalı hadisələri beynəlxalq hüquq baxımından da ağır cinayət hesab olunur. 1948-ci ildə BMT tərəfindən qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya görə milli və etnik qrupun qəsdən məhv edilməsi soyqırımı sayılır. Xocalıda insanlar məhz azərbaycanlı olduqlarına görə öldürülmüşdülər ki, bu da hadisəyə hüquqi qiymət verilməsi üçün əsas yaradır.

Bu faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsi məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirildi. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi qərarla 26 fevral “Xocalı Soyqırımı Günü” elan edildi. Bu addım faciənin unudulmaması və beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm mərhələ oldu.

Xocalı bu gün həm ağrının, həm də ədalət uğrunda mübarizənin simvoludur. Tarixin bu qanlı səhifəsi xalqımızın yaddaşında daim yaşayır və gələcək nəsillərə ötürülür. Şəhidlərin xatirəsi hər zaman ehtiramla yad olunur.

Elmir Rzayev

YAP Şuşa rayon təşkilatının əməkdaşı 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.