Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşına yazılmış ən dəhşətli hadisələrdən biridir. 1992-ci ilin fevralında baş vermiş bu soyqırım aktı yalnız bir şəhəri hədəf almamış, bütöv xalqın iradəsini sarsıtmaq məqsədini daşıyırdı. Xocalı şəhərinin strateji mövqeyi düşmən tərəfindən fürsət kimi istifadə edildi, dinc sakinlər pusquya salındı, yüzlərlə insan qətlə yetirildi, ailələr məhv edildi.
Faciə nəticəsində 613 nəfər qətlə yetirildi, minlərlə insan yaralandı və əsir götürüldü. Uşaqlar valideynsiz qaldı, səkkiz ailə tamamilə məhv edildi. Bu, açıq-aşkar etnik təmizləmə siyasətinin nümunəsi idi. Bütün bu vəhşiliklər Xocalı soyqırımının beynəlxalq hüquq normalarına uyğun olaraq soyqırımı kimi qiymətləndirilməsini təmin edir.
Ulu Öndər Heydər Əliyev Xocalı faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verdi. 1994-cü ildə Milli Məclis 26 fevral tarixini rəsmi olaraq “Xocalı Soyqırımı Günü” elan etdi və bu tarixi hadisənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl addımlar atıldı.
Azərbaycan dövləti beynəlxalq sahədə diplomatik və informasiya siyasətini gücləndirdi, “Xocalıya Ədalət” kampaniyası ilə faciə qlobal miqyasda tanıdıldı. Bir sıra ölkələrin parlamentləri bu soyqırımı pisləyən qərarlar qəbul etdi. Bu, tarixi ədalətin təmin olunmasına və şəhidlərin xatirəsinin qorunmasına xidmət etdi.
44 günlük Vətən müharibəsi nəticəsində işğal altındakı torpaqlar azad edildi, Xocalı da daxil olmaqla ölkənin suverenliyi bərpa olundu. Prezident İlham Əliyev rəhbərliyi ilə qələbə xalqımızın milli həmrəyliyini və Xocalı qurbanlarının xatirəsinə hörmətini göstərdi. Bu gün Xocalı həm faciənin, həm də dirçəlişin simvoludur.
Salman Ağalarov
Şuşa rayon Xəlfəli kənd Uşaq Musiqi Məktəbinin direktoru, YAP Şuşa rayon təşkilatının 28 sayılı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın