Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazılmışdır. 1992-ci ilin fevralında dinc əhali xüsusi qəddarlıqla qətlə yetirildi, şəhər dağıdıldı və minlərlə insan yaralandı və əsir götürüldü. Bu hadisə beynəlxalq hüququn norma və prinsiplərinə qarşı açıq təcavüz kimi tarixə düşdü.
Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verdi. 1994-cü ildə 26 fevral rəsmi olaraq “Xocalı Soyqırımı Günü” elan olundu. Bu addım tarixi ədalətin təmin olunması və faciənin dünya ictimaiyyətinə çatdırılması baxımından vacib idi.
Azərbaycan dövləti Xocalı həqiqətlərini beynəlxalq səviyyədə tanıtmaq üçün diplomatik və informasiya fəaliyyətini sistemli şəkildə həyata keçirdi. “Xocalıya Ədalət” beynəlxalq kampaniyası nəticəsində bir sıra ölkələr və parlamentlər Xocalı soyqırımını tanıyan qərarlar qəbul etdilər. Bu, tarixi ədalətin təmin olunması baxımından mühüm addımdır.
2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü il lokal antiterror əməliyyatları nəticəsində işğal altındakı torpaqlar azad edildi. Xocalı şəhərinin azad olunması xalqın milli yaddaşında tarixi ədalətin bərpası kimi qeyd olunur. Bu gün şəhər həm faciənin, həm də azadlıq və dirçəlişin rəmzidir.
Xəyalə Novruzova
Şuşa rayon 7 №li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədr müavini


Bir şərh yazın