Qlobal münasibətlər sistemində etibarlı tərəfdaşlıq təsadüfi maraqların uyğunluğu ilə deyil, uzunmüddətli strateji baxış və qarşılıqlı etimadla formalaşır. Azərbaycan ilə Serbiya arasında son illərdə inkişaf edən münasibətlər məhz bu prinsiplər üzərində qurulub. Suverenliyə hörmət, milli maraqların qorunması və praqmatik əməkdaşlıq iki ölkənin siyasi dialoqunun əsasını təşkil edir. Bu xəttə dinamika verən əsas amillərdən biri isə Prezident İlham Əliyev ilə Serbiya Prezidenti Aleksandar Vuçiç arasında formalaşmış qarşılıqlı hörmətə söykənən şəxsi münasibətlərdir.

Prezident İlham Əliyevin fevralın 15-də Serbiyaya rəsmi səfəri ikitərəfli əlaqələrin yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Səfər çərçivəsində keçirilən görüşlər və Strateji Tərəfdaşlıq Şurasının ilk iclası münasibətlərin institusional əsasda möhkəmləndiyini göstərdi. Liderlərin bəyanatlarında gələcək üçün konkret istiqamətlər müəyyənləşdirildi: siyasi dialoqun dərinləşdirilməsi, beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi. Bu yanaşma göstərir ki, Bakı ilə Belqrad arasındakı əlaqələr situativ deyil, davamlı strateji planlamaya əsaslanır.

Energetika sahəsi tərəfdaşlığın əsas dayaqlarından biri kimi ön plana çıxır. Azərbaycan artıq Serbiyanın enerji təhlükəsizliyinə töhfə verən ölkələrdən biridir və qaz ixracının artırılması barədə əldə olunan razılaşma əməkdaşlığın genişləndiyini sübut edir. Qaz-turbin elektrik stansiyası layihəsi isə enerji münasibətlərini yeni mərhələyə daşıyır, çünki bu təşəbbüs xammal tədarükündən əlavə dəyərli məhsul istehsalına keçidi nəzərdə tutur. Azərbaycanın yaxın illərdə enerji gücünü əhəmiyyətli dərəcədə artırmaq planları bu əməkdaşlığın perspektivlərini daha da möhkəmləndirir.

İqtisadi və investisiya əməkdaşlığı da əlaqələrin mühüm istiqamətidir. Enerji infrastrukturu ilə yanaşı, qida təhlükəsizliyi, sənaye, nəqliyyat və digər sahələr üzrə imzalanmış sənədlər münasibətlərin çoxşaxəli xarakterini göstərir. Azərbaycan tərəfi Serbiyada həyata keçirilən islahatları və əlverişli investisiya mühitini yüksək qiymətləndirir. Bu, qarşılıqlı sərmayə layihələrinin reallaşdırılması üçün möhkəm zəmin yaradır və iqtisadi tərəfdaşlığı uzunmüddətli inkişaf strategiyasına çevirir.

Bütün bu amillər göstərir ki, Azərbaycan–Serbiya münasibətləri yalnız iki ölkənin maraqlarına xidmət etmir, həm də regional sabitliyə və əməkdaşlığa töhfə verir. Siyasi iradə ilə şəxsi etimadın vəhdəti, institusional mexanizmlərlə tamamlanan əməkdaşlıq modeli Bakı–Belqrad xəttini davamlı və perspektivli tərəfdaşlıq nümunəsinə çevirir. Bu strateji yanaşma gələcəkdə də əlaqələrin yüksələn xətlə inkişaf edəcəyini deməyə əsas verir.

Leyla Babışova

YAP Şuşa rayon təşkilatının sədr müavini 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.