Son illərdə Azərbaycanın xarici siyasət kursunda Avropa məkanı ilə əməkdaşlığın genişləndirilməsi xüsusi yer tutur. Bu kontekstdə Serbiya Respublikası ilə münasibətlər dinamik inkişaf edən istiqamətlərdən biri kimi seçilir. İki ölkə arasında formalaşmış dostluq və qarşılıqlı etimad mühiti siyasi dialoqun davamlılığını təmin edir. 15 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri bu əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əlamətdar hadisə oldu və əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi.
Bu günədək imzalanmış çoxsaylı sənədlər, o cümlədən strateji tərəfdaşlıq xarakterli razılaşmalar iki dövlət arasında münasibətlərin hüquqi əsaslarını möhkəmləndirib. Serbiya Azərbaycanın Cənubi Qafqaz regionunda etibarlı tərəfdaş olduğunu açıq şəkildə bəyan edir və bu yanaşma qarşılıqlı münasibətlərdə öz real ifadəsini tapır. Beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstək isə siyasi həmrəyliyin bariz nümunəsidir. Xüsusilə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət iki ölkə arasında əlaqələrin fundamental sütununu təşkil edir.
Səfər çərçivəsində Serbiya–Azərbaycan Strateji Şurasının ilk iclasının keçirilməsi əməkdaşlığın institusional əsasda inkişaf etdiyini göstərdi. Dövlət başçıları arasında həm təkbətək, həm də geniştərkibli görüşlərdə energetika, nəqliyyat, kənd təsərrüfatı, tikinti və investisiya sahələrində perspektivlər ətraflı müzakirə olundu. Xüsusilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu fonunda Serbiya ilə tərəfdaşlığın strateji mahiyyətini daha da gücləndirir.
Ümumilikdə, Prezident İlham Əliyevin Serbiyaya səfəri iki dost dövlət arasında münasibətlərin yüksək səviyyəsini bir daha təsdiqlədi. Qarşılıqlı hörmətə və etimada əsaslanan bu əməkdaşlıq modeli gələcəkdə daha geniş layihələrin reallaşmasına zəmin yaradır. Mövcud dinamika onu deməyə əsas verir ki, Azərbaycan–Serbiya əlaqələri qarşıdakı illərdə də yüksələn xətt üzrə inkişaf edəcək və hər iki xalqın rifahına töhfə verəcəkdir.
Zərifə İbrahimova
“Qabaqcıl təhsil işçisi”,YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədr müavini


Bir şərh yazın