Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirə ölkənin inkişaf strategiyasında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Qlobal transformasiyalar fonunda rəqəmsallaşma artıq texnoloji seçim deyil, dövlətlərin iqtisadi və siyasi çəkisini müəyyən edən əsas amilə çevrilib. Süni intellektin tətbiqi, data mərkəzlərinin qurulması və rəqəmsal idarəetmənin genişləndirilməsi Azərbaycanın uzunmüddətli inkişaf modelinin əsas sütunları kimi müəyyənləşdirilib.
Dünya təcrübəsi göstərir ki, rəqabət qabiliyyəti yüksək olan ölkələr rəqəmsal imkanlarını effektiv şəkildə səfərbər edən dövlətlərdir. Bu baxımdan süni intellektin dövlət idarəçiliyinə inteqrasiyası, analitik qərarvermə sistemlərinin qurulması və böyük verilənlərin idarə olunması xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal mexanizmlər idarəetmədə şəffaflığı artırmaqla yanaşı, operativliyi və resurslardan səmərəli istifadəni təmin edir.
Azərbaycanın coğrafi mövqeyi də rəqəmsal transformasiya üçün mühüm üstünlük yaradır. Asiya ilə Avropa arasında yerləşən ölkə ənənəvi nəqliyyat və enerji dəhlizləri üzərində qurduğu infrastruktur bazasını artıq rəqəmsal bağlantılarla tamamlayır. Mövcud kommunikasiya xətləri və planlaşdırılan fiber-optik layihələr ölkəni regional rəqəmsal qovşağa çevirmək potensialına malikdir.
Bu prosesin uğuru üçün insan kapitalının inkişafı və kibertəhlükəsizlik məsələləri də prioritetdir. Rəqəmsal bacarıqların artırılması, yeni ixtisasların təşviqi və informasiya təhlükəsizliyinin gücləndirilməsi strategiyanın ayrılmaz hissəsidir. Beləliklə, sistemli yanaşma nəticəsində Azərbaycan rəqəmsal iqtisadiyyatın aparıcı iştirakçılarından birinə çevrilmək hədəfini reallaşdırır.
Rəsmiyyə Məmmədova
“Qabaqcıl təhsil işçisi”, Şuşa Şəhəri üzrəTəhsil Sektorunun müdiri, YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın