Azərbaycan və ABŞ arasında münasibətlərin son dövrdə əldə etdiyi dinamika iki ölkənin siyasi iradəsinin və ortaq maraqlarının nəticəsidir. Vaşinqtonda keçirilən Zirvə Görüşü, imzalanan sənədlər və aparılan müzakirələr tərəfdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Ermənistanla Azərbaycan arasında sülh prosesinə verilən beynəlxalq dəstək regionda təhlükəsizlik mühitinin sabitləşməsinə töhfə verdi.
Prezident İlham Əliyev münasibətlərin inkişafını tarixi mərhələ kimi qiymətləndirərək 2025-ci ilin əhəmiyyətini xüsusi vurğulayıb. Dövlət başçısının həyata keçirdiyi balanslaşdırılmış və milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq arenada mövqeyini möhkəmləndirib. Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması bu siyasətin məntiqi davamıdır.
Keçmişdə mövcud olmuş çətinliklər, o cümlədən 907-ci düzəliş, münasibətlərin inkişaf tempinə təsir göstərmişdi. Lakin zamanla qarşılıqlı əməkdaşlığın əhəmiyyəti daha aydın şəkildə dərk edildi. ABŞ administrasiyası Azərbaycanın beynəlxalq təhlükəsizlik sahəsində rolunu yüksək qiymətləndirərək əməkdaşlığın genişləndirilməsinə üstünlük verdi.
Xüsusilə terrorizmə qarşı mübarizə və Əfqanıstanda həyata keçirilən missiyalar iki ölkə arasında etimadın möhkəmlənməsində mühüm rol oynadı. Azərbaycan hərbçilərinin beynəlxalq koalisiyada iştirakı və logistika dəstəyi Vaşinqton tərəfindən yüksək dəyərləndirildi. Bu, tərəfdaşlığın yalnız siyasi deyil, həm də praktik əsaslara söykəndiyini göstərdi.
Hazırda iqtisadiyyat, enerji və regional layihələr əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Azərbaycan 16 ölkəyə qaz ixrac edən etibarlı təchizatçı kimi çıxış edir və nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində mühüm təşəbbüslər irəli sürür. Bu reallıqlar göstərir ki, Azərbaycan-ABŞ strateji tərəfdaşlığı uzunmüddətli perspektivə hesablanmış möhkəm əsaslara malikdir.
Anar Xəlilov
Şuşa Rayon Statistika İdarəsinin rəisi, YAP Şuşa rayon təşkilatının 10 saylı ərazi təşkilatının Sədr müavini


Bir şərh yazın