Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ humanitar və təhlükəsizlik məsələlərini də əhatə edir. Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində mina təhlükəsinin aradan qaldırılması sahəsində əməkdaşlıq xüsusi yer tutur. ABŞ-ın maliyyə və texnoloji dəstəyi bu istiqamətdə ölkəmizin imkanlarını genişləndirəcək.
Cey Di Vensin səfəri zamanı Prezident İlham Əliyevə sülh prosesi ilə bağlı təşəkkür ifadə olunması tərəfdaşlığın siyasi ölçüsünü də ön plana çıxardı. Regionda əldə olunan nailiyyətlərin möhkəmləndirilməsi və davamlı sülhün təmin edilməsi hər iki tərəfin ortaq məqsədidir. Bu, Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına şərait yaradır.
Müdafiə sənayesi məhsullarının satışı və hərbi-texniki əməkdaşlıq da gündəlikdə yer alır. Terrorçuluğa qarşı mübarizə və beynəlxalq təhlükəsizlik sahəsində birgə fəaliyyət prioritet istiqamətlər kimi müəyyən edilib. Azərbaycanın sülhməramlı missiyalarda iştirakı isə bu əməkdaşlığın praktik təzahürüdür.
Bununla yanaşı, nəqliyyat infrastrukturunun – quru, dəniz və hava yollarının inkişafı iki ölkə arasında iqtisadi əlaqələri gücləndirəcək. Ticarət və tranzitin asanlaşdırılması istiqamətində atılacaq addımlar regionun iqtisadi dinamizmini artıracaq və tərəfdaşlığın real nəticələrini daha da görünən edəcək.
Könül Hüseynova
Tərəqqi medallı, Şuşa Humanitar Kollecinin tyutoru,YAP Şuşa rayon təşkilatının 20 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın