Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi beynəlxalq münasibətlər sistemində diqqət çəkən mühüm hadisədir. Vaşinqtonda keçirilən yüksək səviyyəli görüşlər və əldə olunan razılaşmalar göstərdi ki, iki ölkə əlaqələri keyfiyyətcə yeni mərhələyə daxil olub. Ermənistan və Azərbaycan arasında sülh sənədinin paraflanması regionda uzun illər davam edən qarşıdurmanın başa çatmasına real imkan yaratdı və Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi istiqamətində ciddi addım oldu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və prinsipial xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Dövlət başçısının vurğuladığı kimi, Vaşinqton görüşündən sonrakı dövr əməkdaşlığın genişləndirilməsi və uzunmüddətli sülhün təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Altı ay ərzində aparılan danışıqların nəticəsi olaraq Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması münasibətlərin institusional əsasını formalaşdırdı.
Tarixi baxımdan Azərbaycan-ABŞ əlaqələri müxtəlif mərhələlərdən keçib. Xüsusilə 1990-cı illərin əvvəllərində qəbul edilən 907-ci düzəliş münasibətlərə mənfi təsir göstərmişdi. Lakin sonrakı illərdə beynəlxalq reallıqların dəyişməsi, Azərbaycanın regionda artan rolu və qlobal təhlükəsizliyə verdiyi töhfələr Vaşinqtonun siyasətində korrektələrə səbəb oldu. Terrorizmə qarşı mübarizədə və beynəlxalq missiyalarda Azərbaycanın fəal iştirakı tərəfdaşlığın möhkəmlənməsinə təkan verdi.
Enerji təhlükəsizliyi bu əməkdaşlığın əsas istiqamətlərindən biri kimi çıxış edir. Azərbaycan bu gün bir sıra ölkələrin enerji təminatında mühüm rol oynayır və Avropanın enerji xəritəsində strateji mövqeyə malikdir. Bərpaolunan enerji sahəsində mövcud potensial isə gələcək əməkdaşlıq üçün yeni imkanlar açır və iqtisadi əlaqələrin daha da şaxələndirilməsinə şərait yaradır.
Bununla yanaşı, nəqliyyat və logistika layihələri də diqqət mərkəzindədir. Regionu qlobal ticarət marşrutlarına inteqrasiya etməyi hədəfləyən təşəbbüslər Azərbaycan ilə ABŞ arasında iqtisadi və geosiyasi əməkdaşlığın genişlənəcəyini göstərir. İmzalanmış Strateji Tərəfdaşlıq Xartiyası iki ölkənin qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli və dayanıqlı əməkdaşlıq niyyətini açıq şəkildə təsdiqləyir.
Elmir Rzayev
YAP Şuşa rayon təşkilatının əməkdaşı


Bir şərh yazın