Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri və Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycan–BƏƏ münasibətlərinin mahiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir. Bu hadisə təkcə diplomatik protokol çərçivəsində qiymətləndirilmir, eyni zamanda ölkəmizə və onun liderinə göstərilən yüksək hörmətin ifadəsi kimi dəyərləndirilir. Şeyx Zayedin adını daşıyan bu nüfuzlu mükafat Azərbaycan dövlətinin humanizmə, sülhə və multikultural dəyərlərə verdiyi önəmin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Birləşmiş Ərəb Əmirlikləri bu gün tarixi köklərinə sadiq qalmaqla yanaşı, müasir və ahəngdar cəmiyyət qurmaq baxımından bir çox ölkələr üçün nümunə sayılır. Dinlərarası dialoqun təşviqi, sivilizasiyalar arasında yaxınlaşma və tolerant mühitin formalaşdırılması BƏƏ-nin əsas prioritetlərindəndir. Məhz bu dəyərlər Azərbaycan dövlət siyasəti ilə uzlaşır və iki ölkə arasında ideoloji-mənəvi yaxınlığı gücləndirir.
Azərbaycan–BƏƏ əməkdaşlığı artıq yalnız iqtisadi və ticarət sahələri ilə məhdudlaşmır. Enerji, bərpa olunan “yaşıl” texnologiyalar, investisiya, humanitar layihələr və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərin strateji xarakter aldığını sübut edir. Xüsusilə postmünaqişə dövründə Qarabağda aparılan bərpa-quruculuq işlərinə BƏƏ şirkətlərinin maraq göstərməsi tərəfdaşlığın praktiki nəticələrini ortaya qoyur.
Bu kontekstdə Azərbaycan–Ermənistan arasında sülh prosesinin regional və qlobal əhəmiyyəti də xüsusi vurğulanır. Otuz ildən artıq davam edən münaqişədən sonra artıq sülh mərhələsinə keçid baş verib, ötən ilin avqustunda əldə olunan tarixi nəticələr son aylarda əməkdaşlıq və dayanıqlı sülh istiqamətində mühüm addımların atıldığını göstərir. Azərbaycan bu gün təkcə enerji tərəfdaşı deyil, həm də sülh və sabitlik gündəliyini formalaşdıran mühüm siyasi aktor kimi qəbul olunur.
Elmir Rzayev
YAP Şuşa rayon təşkilatının əməkdaşı


Bir şərh yazın