Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin inkişafında enerji sektoru aparıcı rol oynayır. Zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm mövqe tutur və bu sahədə əməkdaşlığını şaxələndirməkdə davam edir. Son illərdə yaşıl enerjiyə keçid strategiyası ölkəmizin prioritet istiqamətlərindən biri kimi formalaşıb və bu sahədə BƏƏ ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
2022-ci ilin martında Bakıda Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi iki ölkə arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın simvoluna çevrildi. Xəzər regionunda və MDB məkanında ən böyük günəş stansiyası olan bu layihə 2023-cü ilin oktyabrında istifadəyə verildi. Açılış mərasimində Prezident İlham Əliyev Azərbaycan–BƏƏ əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayaraq, siyasi və iqtisadi sahələrlə yanaşı, enerji əməkdaşlığının da sürətlə inkişaf etdiyini bildirdi.
Ölkəmizin COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi ilə bağlı qərarın məhz BƏƏ-də qəbul edilməsi də iki dövlət arasında iqlim diplomatiyası sahəsində sıx əməkdaşlığın göstəricisidir. Bu fakt Azərbaycanla BƏƏ-nin qlobal iqlim gündəliyində eyni mövqedən çıxış etdiyini ortaya qoyur.
Prezident İlham Əliyevin son səfəri zamanı “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində imzalanan sənədlər enerji tərəfdaşlığının daha da dərinləşəcəyini göstərdi. BƏƏ-nin investisiya strukturlarının bu strateji layihəyə cəlb olunması iki ölkə arasında uzunmüddətli iqtisadi əməkdaşlığın möhkəm əsaslar üzərində qurulduğunu sübut edir.
Qönçə İsmayılova
Şuşa rayon Bülbülcan adına Uşaq Musiqi Məktəbinin direktoru,YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın