Əbu-Dabidə 4 fevral 2026-cı ildə keçirilən mərasimdə Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi beynəlxalq aləmdə geniş rezonans doğurub. Tədbirdə çoxsaylı dövlət və hökumət nümayəndələrinin iştirakı, mükafatın sülh və dialoq sahəsində xidmətləri ilə seçilən şəxslərə verilməsi bu hadisənin qlobal əhəmiyyətini artırıb. Bu ilki təqdimatda Azərbaycan–Ermənistan arasında sülh prosesinin xüsusi vurğulanması diqqət çəkən məqamlar sırasında olub.
Prezident çıxışında bu təltifin onun üçün böyük qürur mənbəyi olduğunu deyərək, mükafatın Şeyx Zayed bin Sultan Al Nahyanın adını daşımasının mənəvi dəyərini önə çəkib. Dövlət başçısı həmin irsin insan qardaşlığı ideyasının beynəlxalq miqyasda yayılmasına xidmət etdiyini vurğulayıb və tədbirin məhz bu dəyərlərin təbliği üçün mühüm platforma olduğunu bildirib.
Azərbaycan ilə Ermənistan arasında sülhə yönəlmiş addımlar Prezidentin nitqində əsas mövzulardan birinə çevrilib. O, əldə olunan razılaşmaların münaqişələrin dinc yolla həllinə nümunə təşkil etdiyini, mərasimin isə sülhə və qarşılıqlı anlaşmaya çağırış rəmzi olduğunu qeyd edib. Bununla yanaşı, nəqliyyat və ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımların iqtisadi inteqrasiyanın əsasını qoyduğunu deyib.
Çıxışının sonunda Prezident İlham Əliyev beynəlxalq tərəfdaşlara və tədbirin təşkilatçılarına minnətdarlığını ifadə edib, bu mükafatın bütün xalqın birgə səylərinin bəhrəsi olduğunu vurğulayıb. O, gələcək nəsillər üçün sülh və qarşılıqlı hörmət ideallarının qorunmasının Azərbaycanın əsas hədəflərindən biri olaraq qalacağını da diqqətə çatdırıb.
Arif Dostiyev
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şuşa Rayon Komitəsinin Sədri


Bir şərh yazın