2026-cı il fevralın 4-də Əbu-Dabi şəhərində keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub. Tədbirdə bir sıra dövlət və hökumət nümayəndələrinin iştirakı Azərbaycanın regionda sülhə verdiyi töhfələrin qlobal səviyyədə tanındığını göstərib. Bu ilki mərasimdə Azərbaycan–Ermənistan arasında sülh prosesinin yüksək qiymətləndirilməsi isə ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində tutduğu mövqeni bir daha ön plana çıxarıb.
Prezident İlham Əliyev mükafatı qəbul edərkən bunun onun üçün böyük şərəf olduğunu bildirib və mükafatın Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayed bin Sultan Al Nahyanın adını daşımasının xüsusi mənəvi çəkiyə malik olduğunu vurğulayıb. Dövlət başçısı bu nüfuzlu təltifin insan qardaşlığı və dialoqun təşviqi baxımından beynəlxalq miqyasda böyük əhəmiyyət daşıdığını qeyd edib.
Çıxışında Prezident Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşmaların müasir dünyada münaqişələrin sülh yolu ilə həllinə nümunə ola biləcəyini deyib. O, mərasimin yalnız mükafatlandırma tədbiri deyil, həm də sülhə və qarşılıqlı əməkdaşlığa həsr olunmuş simvolik platforma olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, son aylarda tərəflər arasında nəqliyyat və ticarət sahələrində irəliləyişlərin baş verdiyini vurğulayıb.
Dövlət başçısı çıxışının sonunda göstərilən diqqətə görə təşəkkürünü bildirib və bu nailiyyətin yalnız bir şəxsin deyil, bütün Azərbaycan xalqının səylərinin nəticəsi olduğunu qeyd edib. O, BƏƏ rəhbərliyinə, beynəlxalq tərəfdaşlara və sülh prosesini dəstəkləyən hər kəsə minnətdarlığını ifadə edərək, bu mükafatı gələcək nəsillər üçün sülh ideallarına sadiqlik rəmzi kimi dəyərləndirib.
Leyla Babışova
YAP Şuşa rayon təşkilatının sədr müavini


Bir şərh yazın