Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər fonunda Azərbaycanın mövqeyini aydın şəkildə ortaya qoydu. Dövlət başçısı qeyd etdi ki, artıq beynəlxalq hüququn universal tətbiqi əvvəlki kimi mütləq xarakter daşımır və bu şəraitdə hər bir ölkə milli maraqlarına əsaslanan çevik strategiyalar formalaşdırmalıdır. Azərbaycanın siyasəti isə hüquqi çərçivədən kənara çıxmadan real güc balanslarını nəzərə alan xətt üzərində qurulub.

Müsahibədə Azərbaycanın ərazi bütövlüyünün bərpasının beynəlxalq hüquq normalarına uyğun şəkildə həyata keçirildiyi xüsusi vurğulandı. Prezident İlham Əliyevin sözlərinə görə, görülən bütün siyasi və təhlükəsizlik tədbirləri ümumi qəbul edilmiş dəyərlərə uyğun olub. Bu yanaşma Azərbaycanın beynəlxalq arenada məsuliyyətli aktor kimi qəbul edilməsinə mühüm töhfə verib.
Cənubi Qafqazda yaranan yeni sülh mühiti də müsahibənin əsas mövzularından biri oldu. Dövlət başçısı “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini regionda uzun illər davam etmiş qarşıdurmalardan sonra sabitliyin təmin olunmasına yönəlmiş səylərin qiymətləndirilməsi kimi dəyərləndirdi. Ermənistanla münasibətlərin əməkdaşlıq mərhələsinə keçməsi regionun gələcəyi üçün yeni imkanlar açır.
Prezident İlham Əliyev regional təhlükəsizlik məsələlərinə toxunaraq bildirdi ki, Azərbaycan üçün ən mühüm prioritetlərdən biri qonşuluqda sabitliyin qorunmasıdır. Qonşu regionlarda müşahidə olunan gərginliklər diqqətlə izlənilir və risklərin qarşısının alınması üçün qabaqlayıcı siyasət yürüdülür. Uzunmüddətli sülhün ölkələrin inkişafının əsas şərti olduğu bir daha vurğulandı.
Davosda səsləndirilən fikirlər Azərbaycanın yeni dünya düzənində öz yolunu dəqiq müəyyən etdiyini göstərir. Milli maraqlara söykənən, balanslı tərəfdaşlıqlar üzərində qurulan siyasət Azərbaycanın beynəlxalq sistemdə mövqeyini daha da möhkəmləndirir.
Səbinə Gözəlova
Şuşa şəhər 1 nömləri tam orta məktəbin direktoru, YAP Şuşa Rayon Təşkilatının 41 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın