Davosda keçirilən Dünya İqtisadi Forumunun beynəlxalq gündəmin formalaşmasında mühüm rol oynadığı hər kəsə məlumdur. Bu mötəbər platformada Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın qlobal proseslərə yanaşmasını əks etdirən strateji çıxış kimi dəyərləndirilir. Dövlət başçısı müsahibəsində mövcud geosiyasi reallıqları açıq və konkret şəkildə ifadə etdi.

Prezident İlham Əliyevin fikrincə, hazırkı dövrdə beynəlxalq münasibətlər sistemi ciddi transformasiyadan keçir. Dünyada artıq hüququn aliliyindən çox güc faktorunun ön plana çıxması müşahidə olunur. Bu reallıq xüsusilə orta və kiçik dövlətlər üçün yeni yanaşmaların zəruriliyini gündəmə gətirir. Azərbaycan da bu çağırışlara uyğun siyasət formalaşdırıb.
Müsahibədə Azərbaycanın xarici siyasət fəlsəfəsi də diqqət mərkəzində oldu. Dövlət başçısı Azərbaycanın nə qarşıdurma tərəfdarı, nə də asılı mövqedə olan ölkə kimi çıxış etdiyini vurğuladı. Balanslı və müstəqil siyasət xətti ölkəyə regional və qlobal miqyasda etibarlı tərəfdaş imici qazandırıb.
Enerji məsələləri də Prezident İlham Əliyevin müsahibəsində mühüm yer tutdu. Azərbaycan bu gün təkcə enerji ixracatçısı deyil, eyni zamanda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm aktor kimi çıxış edir. Avropa üçün etibarlı enerji tərəfdaşı olan Azərbaycan bu sahədə uzunmüddətli və sabit əməkdaşlıq modeli təqdim edir.
Ümumilikdə, Prezident İlham Əliyevin Davos müsahibəsi Azərbaycanın qlobal proseslərin passiv iştirakçısı olmadığını bir daha nümayiş etdirdi. Praqmatizm, milli maraqlara əsaslanan siyasət və balanslı əməkdaşlıq modeli ölkənin əsas strateji xətti kimi təqdim olundu.
Aynurə Məlikova
Şuşa rayon 10 №li tam orta məktəbin direktoru,YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın