Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqeni aydın şəkildə nümayiş etdirdi. Dövlət başçısı müsahibəsində beynəlxalq hüququn universal norma kimi qəbul edilməsinin vacibliyini vurğulayaraq, bu prinsiplərin bütün ölkələr üçün eyni şəkildə tətbiq olunmalı olduğunu diqqətə çatdırdı. Azərbaycanın strateji xəttinin də məhz milli maraqlara əsaslanan və beynəlxalq hüquqa uyğun qurulduğu xüsusi qeyd edildi.

Müsahibədə Azərbaycanın ərazi bütövlüyünün bərpasının legitim hüquqi əsaslara söykəndiyi bir daha önə çəkildi. Prezident İlham Əliyev bu prosesin beynəlxalq hüquq çərçivəsində həyata keçirildiyini və bunun regionda yeni reallıqlar yaratdığını bildirdi. Bu reallıqlar Cənubi Qafqazda uzunmüddətli sabitliyin və əməkdaşlığın formalaşması üçün mühüm zəmin yaradır.
Dövlət başçısının fikirlərində beynəlxalq münasibətlərdə yeni mərhələnin başlanması ideyası xüsusi yer tutur. Qlobal siyasətdə güc amilinin artması, beynəlxalq hüququn selektiv tətbiqi fonunda Azərbaycan realist və praqmatik siyasət yürütməyin vacibliyini ön plana çıxarır. Bu yanaşma ölkənin təhlükəsizliyinin və suverenliyinin təmin olunmasında əsas rol oynayır.
Müsahibənin Davos kimi nüfuzlu platformada səsləndirilməsi Azərbaycanın qlobal gündəmin formalaşmasında fəal iştirak etdiyini göstərir. Prezident İlham Əliyevin verdiyi mesaj aydındır: Azərbaycan dəyişən dünya düzənində öz mövqeyini qoruyan, milli maraqlarını əsas götürən və balanslı siyasət yürüdən müstəqil dövlətdir.
Elmir Rzayev
YAP Şuşa rayon təşkilatının əməkdaşı

Bir şərh yazın